MEK-də görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə sərgi təşkil olunub
25-04-23
26 aprel görkəmli alim, yazıçı, pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında mühüm xidmətlər göstərmiş, professor Mir Cəlal Paşayevin anadan olmasının 115-ci ildönümüdür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) kitab sərgisi təşkil olunub. Sərgidə ədibin “Bir gəncin manifesti” romanı (azərbaycan və rus dillərində), “Yaşıdlar” povesti, hekayələri, “Seçilmiş əsərləri”, “Biblioqrafiya” nümayiş olunur. Bundan əlavə, sərgidə görkəmli şəxslərin onun yaradıcılığı ilə bağlı söylədikləri dəyərli fikirlərin, elmi tədqiqatların toplandığı “Mir Cəlal yaradıcılığında Vətən sevgisi, milli şüur və həmrəylik problemləri, humanizm fəlsəfəsi, erməni məsələsi”, “Mir Cəlalın fikir dünyası”, “Mir Cəlalın yaradıcılıq aləmi”, “Mir Cəlal yaradıcılığının səhnə həyatı” kimi əsərlər yer alır. Qeyd edək ki, yazıçı Azərbaycan ədəbiyyatında roman janrına yeni nəfəs gətirməklə bu sahədə özünəməxsus məktəb yaradıb. Onun həm elmi, həm də bədii yaradıcılığı tədqiqat mövzuları olaraq daim diqqətdədir və araşdırılır.