MEK-də füzulişünas alimlərlə görüş keçirilib

16-05-24

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) füzulişünas alimlərlə görüş keçirilib. Öncə MEK-in Kitabxana xidməti üzrə direktor müavini, dosent Şəhla Tahirqızı qonaqları kitabxananın direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovun adından salamlayaraq Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı Mərkəzi Elmi Kitabxanada il ərzində gerçəkləşdiriləcək çoxsaylı tədbirlər planının olduğunu diqqətə çatdırıb. Həmin tədbirlər silsiləsindən olan bu görüşə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları olan alim tədqiqatçıların dəvət olunduğunu vurğulayaraq tədbirin təşkilində əməyi keçən MEK-in Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin rəhbərinə təşəkkürünü bildirib. Qeyd edib ki, Füzuli yaradıcılığı hər zaman Azərbaycan dövlətinin, dövlətçiliyinin diqqətində olub. 1994-cü ildə Füzulinin 500 illik yubileyinin keçirilməsi, çoxsaylı respublika, eləcə də beynəlxalq konfransların təşkil edilməsi Ümummilli Lider Heydər Əliyevin dahi şairin yaradıcılığına verdiyi böyük dəyərin nəticəsi olub. Bu il isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə M.Füzulinin 530 illiyinin keçirilməsi bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər zaman sözə, sənətə dəyər verərək onun yaradıcılarının yanındadır və onlara qiymət verir. “Füzuli yaradıcılığının irfani və poetik xüsusiyyətləri” adlı məruzəsi ilə çıxış edən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nəzakət Məmmədli Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan Füzulinin yüksək sənətkarlıq nümayiş etdirən, dərin fəlsəfi məzmuna malik olan yaradıcılığı haqqında bəhs edib, qəzəllərinin irfani şərhini verib. Şairin əsərlərində sufi rəmzlərindən danışan məruzəçi onun yaradıcılığında vəhdəti-vücud məsələlərinin üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Füzuli sənətinin ecazkarlığından danışan alim məruzəsində şairin 327 beytdən və yeddi hissədən ibarət "Həft cam" məsnəvisini də təhlil edib. Görüşdə çıxış edən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kiçik elmi işçisi Sevinc Muxtarova "“Bangü-Badə"də tarixi əks etdirən hadisələr” adlı məruzəsini diqqətə çatdırıb. Qeyd olunub ki, məhəbbət şairi kimi tanınan Füzulinin zəngin və çoxcəhətli ədəbi irsində silsilə alleqorik əsərləri mühüm yer tutur. Onun irihəcmli alleqorik əsərlərinin əsasında xırda məişət məsələləri deyil, zamanın ən kəskin, aktual problemləri durur. Daha sonra “Bəngü-Badə” poemasının ərsəyə gəlmə tarixi, surətləri haqqında danışan məruzəçi sözügedən əsərin Füzulinin epik yaradıcılığında mühüm yer tutduğunu, şairin rəvan təhkiyə ustalığı, eləcə də dialoq yaratma qabiliyyətinin bu əsərdə çox parlaq şəkildə özünü göstərdiyini qeyd edib. Görüşün sonunda MEK-in Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva Əlyazmalar İnstitutunda saxlanılan Füzulinin “Divan”ının UNESCO-nun Dünya Yaddaşı Proqramına daxil edildiyini sevindirici hal hesab edib. Diqqətə çatdırıb ki, hazırda əsər AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin göstərişi ilə əski əlifbadan transfoneliterasiya edilir. Görüş zamanı tədbir iştirakçılarını maraqlandıran suallar da cavablandırılıb.