MEK-də coğrafiyaşünas alim Ənvər Şıxlinskinin 755 adda kitabdan ibarət kolleksiyası mühafizə olunur
24-11-22
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondları bir sıra unikal nəşrlər və kolleksiyalarla zəngindir. MEK-in çoxsaylı kolleksiyaları sırasında coğrafiyaşünas alim, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Ənvər Şıxlinskinin kolleksiyasının xüsusi yeri var. Alimin kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub və 755 adda kitabdan ibarətdir. Nəşrlərin 26-sı Azərbaycan, 729-u isə rus dilindədir. Burada kənd təsərrüfatı elmləri, fizika-riyaziyyat, yer haqqında elmin müxtəlif sahələri - geologiya, coğrafiya, yerin fizikası, meteorologiya, biologiya, iqtisadiyyat, tarix, bədii ədəbiyyat, texnika, fəlsəfə, elm, tibb, sosiologiya və digər elm sahələrinə dair kitablar öz əksini tapıb. Bundan başqa kolleksiyanın tərkibində müxtəlif elmi konfranslara həsr olunmuş kitablar, elmi əsərlər, elm sahələrinə aid lüğətlər yer alır. Qeyd edək ki, Azərbaycanın, Dağıstanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitabçaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunmuşdur. Alimin “Azərbaycan SSR-in iqlim təsviri”, “Azərbaycan SSR-in atmosfer yağıntıları”, “Azərbaycanın iqlimi”, “Azərbaycan SSR-in istilik balansı” və başqa əsərləri mühüm əhəmiyyət kəsb edir. Onun “Azərbaycan SSR-in istilik balansı atlası” keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS-in) gümüş medalına layiq görülmüşdür. Alim, həmçinin respublika ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasını vermiş və bunu “Azərbaycan SSR-in coğrafiya atlası”nda (1949) çap etdirmişdir. Ə.Şıxlinski “Sovet Azərbaycanı” fundamental əsərinin elmi rəhbəri, redaktoru və əsas müəlliflərindən biri olmuşdur. Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı torpaqiqlim xəritəsi (1955, 1970) onun nailiyyətləri sırasındadır. Xatırladaq ki, alimin kolleksiyası MEK-in Azərbaycan dilində ədəbiyyat və mübadilə fondunda yer alıb.