MEK-də “Çindən Adriatikə Türk dünyası” mövzusunda XV beynəlxalq konfrans keçirilib
09-01-24
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Çindən Adriatikə Türk dünyası” mövzusunda XV beynəlxalq elmi-praktiki konfrans keçirilib. Türkiyənin, ABŞ-nin və Azərbaycanın ümumilikdə 20-dən artıq universitetindən 50-dən çox nümayəndənin qatıldığı konfrans Mərkəzi Elmi Kitabxananın, həmçinin Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə baş tutub. Konfransın plenar iclasında Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. MEK-in direktoru, professor Məmməd Əliyev iştirakçılara rəhbərlik etdiyi kitabxananın fəaliyyəti haqqında məlumat verib, ötən il ərzində MEK-in bir sıra yerli və beynəlxalq konfranslara ev sahibliyi etdiyini diqqətə çatdırıb, bu konfransın türk dünyasının mədəni münasibətlərinə yeni səhifə açacağına inamını ifadə edib. İKSAD-ın Azərbaycan üzrə koordinatoru Əlvan Cəfərov isə çıxışında qurumun fəaliyyətindən danışıb və ölkənin bir sıra universitetlərində cari ildə keçiriləcək konfranslar, tədbirlər haqqında məlumat verib, konfransın işinə uğurlar arzulayıb. Sonra beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib, elmi məruzələr dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.