MEK-də “Azərbaycanın Mil-Qarabağ bölgəsinin ilk tunc dövrü maddi mədəniyyəti” adlı kitabının təqdimatı keçirilib

30-05-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Humanitar Fənlər kafedrasının baş müəllimi t.ü.f.d. Cəmilə Həsənovanın qələmə aldığı “Azərbaycanın Mil-Qarabağ bölgəsinin ilk tunc dövrü maddi mədəniyyəti” adlı kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov kitabı atasının I Qarabağ müharibəsinin veteranı, polkovnik Vaqif Cəfərovun 75 illik yubileyinə həsr edən müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıb. I Qarabağ şəhidi Ramil Hüseynovun qardaşı olaraq vətən uğrunda döyüşən, torpaqlarımızı işğaldan azad edən, xalqına qələbə sevinci yaşadan Azərbaycan Ordusu ilə hər zaman qürur duyduğunu diqqətə çatdıran direktor Ali Baş Komandan İlham Əliyevə can sağlığı, şəhidlərə rəhmət diləyib. “Vətən fədailərini yaddaşlarda saxlayaraq gələcək nəsillərə ötürmək, bizi Zəfərə qovuşdurub özləri əbədiyyətə yüksələn igid oğulların xatirəsini daim qəlbimizdə yaşatmaq hər birimizin borcudur”- bu fikirləri MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri, MEK Qadınlar Təşkilatının sədri Röksanə Səfərzadə çıxışı zamanı səsləndirib və müəllifin uzun illər tədqiqatının bəhrəsi olan bu kitabının təqdimatının MEK-in sözügedən fondunda keçirilməsinin heç də təsadüf olmadığını vurğulayıb. Təqdimatda kitabın müəllifi t.ü.f.d. Cəmilə Həsənova gördüyü işlərdə hər zaman onu ruhlandıran, bu yolda irəliləməyə dəstək olan, ömrünün 40 ilini Azərbaycan Dövlət Daxili İşlər Nazirliyinə həsr etmiş, eyni zamanda I Qarabağ müharibəsinin veteranı, həyatdan vaxtsız köçən atasına həsr etdiyini bildirib və kitab haqqında məlumat verib. Bildirib ki, monoqrafiya Azərbaycanın Mil-Qarabağ bölgəsinin ilk tunc dövründə olan maddi mədəniyyətinə həsr edilib, bu ərazilərdə olan yaşayış və qəbir abidələri, həmçinin bu diyarın təbii coğrafi şəraiti dərindən öyrənilib. Müəllif onu da qeyd edib ki, kitabda araşdırılan Qarabağ abidələrini atası ilə bigə qarış-qarış gəzib. Tədbirdə iştirak edən AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri, yazıçı Zərifə Quliyeva, AMEA Rəyasət Heyəti aparatı Elmi irs şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Zemfira Hacıyeva, fizika elmləri doktoru, professor Adilə Abbasova, fizika-riyaziyyat elmləri doktoru, professor Səlimə Mehdiyeva, Vətən Müharibəsi Veteranları İB-in Yasamal rayon şöbəsinin sədri, II qrup müharibə əlili, istefada olan mayor Salman Hüseynov, I Qarabağ müharibəsinin qazisi Babək Qocayev və digər çıxışçılar Azərbaycanın tarixi bölgələri haqqında aparılan tədqiqatların vacibliyinə toxunublar və sözügedən nəşri tələbə və gənc nəsil üçün böyük sərvət kimi qiymətləndiriblər.