MEK-də “Azərbaycanda seksual qısnama: qanunvericilik və onun tətbiqi praktikası” adlı analitik hesabatın təqdimatı keçirilib

29-12-22

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 28 dekabr 2022-ci il tarixində Mərkəzi Elmi Kitabxanada “Azərbaycanda seksual qısnama: qanunvericilik və onun tətbiqi praktikası” adlı analitik hesabatın təqdimatı keçirilib. Salamlama nitqi ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova Azərbaycanın müsəlman və Şərq dünyasında qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi tanındığını vurğulayıb. O bildirib ki, qadın hüquqlarının qorunması, onların cəmiyyətdə özlərinə layiq şəkildə təmsil olunması Ulu Öndər Heydər Əliyevin siyasi kursunun əsas istiqamətini təşkil etmişdir. Bu gün də hər bir sahə kimi bu məsələnin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daim diqqətdə saxlandığını qeyd edən İ.Hüseynova ölkədə qadınların bərabər hüquq və imkanlara malik olmasını təmin edən bir çox qanunvericilik aktlarının qəbul edildiyini və bu qanunların işləmə mexanizmlərinin yarandığını əlavə edib. O , Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında şəxsi toxunulmazlıq hüququnun ayrıca müddəa kimi təsbit edildiyini qeyd edib. Hazırda müzakirə edilən cinsi qısnama problemi ilə bağlı Dövlət Komitəsinin təşəbbüsünün təqdirəlayiq olduğunu bildirən AMEA rəsmisi, ictimai qınaq mexanizmlərinin, sosial şəbəkələrin, maarifləndirmə tədbirlərinin bu məsələnin həllində mühüm rolunu qeyd edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, müzakirənin təşkil edilməsində məqsəd bugünə kimi keçirilən araşdırma və təhlilləri açar kimi istifadə edərək, müvafiq mövzularda elmi əsərlərin, elmi məqalələrin yazılmasını təşviq etməkdir. O bildirib ki, Azərbaycan dövlət quruculuğu, onun inkişafı və bu prosesdə Azərbaycan vətəndaşlarının cinsi mənsubiyyətindən asılı olmayaraq bütün proseslərdə bərabər iştirakı prioritet istiqamətdir. Ölkə həyatında, ictimai sferada, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanmasında və iqtisadi inkişafda həm iştirak, həm də nəticələrindən bərabər bəhrələnmək imkanları mövcuddur. “Gender bərabərliyinim təminatları haqqında” Qanunun 2021-ci il üzrə icra vəziyyətinə dair hesabatın Milli Məclisdə təqdim edildiyini diqqətə çatdıran B. Muradova bildirib ki, bu məsələ ildən-ilə daha sistemli xarakter alır, görülmüş işlər, hazırki vəziyyət sistemli təhlil olunur, eyni zamanda çətinliklər və problemlər də bu cür yanaşmalar nəticəsində müəyyənləşdirilir. Dövlət Komitəsi tərəfindən cəmiyyətin bütün istiqamətlərini əhatə edən sahələr üzrə aparılan araşdırma və təhlillər haqqında məlumat verən B. Muradova qeyd edib ki, Azərbaycanda seksual qısnama istiqamətində qanunvericilik və onun tətbiqi praktikası ilə bağlı aparılan hesabat mühüm əhəmiyyət kəsb edir. O, cinsi qısnama mövzunun Azərbaycanda kifayət qədər aktual olduğunu, qanunvericilikdə müəyyən məsələlərin nəzərdə tutulmasına baxmayaraq, problemlərin hələ də qaldığını, praktikada reallaşdırılmayan cəzaların olduğunu söyləyib. B. Muradova bu halların baş verməməsi üçün problemləri qəbul edərək, çıxış yolları axtarmağın vacibliyini vurğulayıb. Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Komitə yanında İctimai şuranın sədri Sahib Məmmədov “Azərbaycanda seksual qısnama: Qanunvericilik və onun tətbiqi praktikası” mövzusu üzrə təqdimatla çıxış edib. O, tədqiqatın əhatə dairəsi və nəticələri barədə məlumat verərək, seksual qısnamanın qarşısının alınmasında qarşıya çıxan problemlərin aradan qaldırılması ilə bağlı tövsiyələri diqqətə çatdırıb. S. Məmmədov bildirib ki, bir çox ölkələrdə seksual qısnamaların qarşısının alınmasına yönələn, həmçinin cinsi ayrı-seçkilik ilə bağlı qanunvericilik yoxdur. Qanunvericiliyə seksual qısnamanın qarşısının alınmasına yönələn müddəalar daxil edilsə də praktikada tətbiq mexanizmləri mükəmməl deyil. Tədbirdə iştirak edən Komitə yanında İctima Şuranın üzvləri, eləcə də ziyalılar, elm adamları mövzu üzrə fikirlərini səsləndirərək, cinsi qısnama hallarının qarşısının alınmasında maarifləndirmənin gücləndirilməsi və ictimai qınağın vacibliyini qeyd ediblər. https://www.facebook.com/AileQadinUsaqProblemleriUzreDovletKomitesi