MEK-də AMEA-nın müxbir üzvü Musa Qasımlının əsərlərindən ibarət sərgi təşkil edilib

01-11-22

Azərbaycan tarix elminin dünyada tanınmış nümayəndəsi, “Şöhrət” ordenli, Milli Məclisin deputatı, Akademiyanın Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlının 28 oktyabr tarixində 65 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib. Sərgidə tarix elmləri doktoru, professor Musa Qasımlının “Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti”, “Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003)” iki hissədə, “SSRİ-Türkiyə münasibətləri (Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmasınadək) 1979-1991” II cilddə, “SSCB Belgelerinde SSCB-Türkiye yakın tarihi. SSCB Türkiye ilişkileri. Türkiye`de 1980 Darbesi`nden SSCB`nin Dağılmasına Kadar”, “Анатолия и Южный Кавказ в 1724-1920-е гг.: в поисках исторической истины”, “Турция-СССР: от переворота до распада. 1980-1991” və digər əsərləri yer alıb. Xatırladaq ki, alim Azərbaycan ilə yanaşı, dünyanın bir sıra ölkələrinin – ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Gürcüstan, Praqada ATƏT arxivi, Vyanada BMT arxivi və kitabxanalarında araşdırmalar apararaq o zamanadək tarix elmində istifadə edilməyən bir çox mühüm fakt və materialları aşkarlayıb, Azərbaycanın beynəlxalq əlaqələrinə, xarici siyasətinə və böyük dövlətlərin Azərbaycana münasibətdə yürütdükləri siyasətə dair qiymətli əsərlər yazıb. İndiyədək Musa Qasımlının 17 kitabı və 100-dən çox elmi məqaləsi ingilis, ispan, türk, rus, ukrayna, polyak, rumın, fars və b. dillərdə nəşr edilib.