MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi təşkil edilib

29-04-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş sərgi hazırlayıb. Sərgidə MEK-in fondlarından Zərifə xanım Əliyevanın müəllifi olduğu “Elmi əsərlər məcmuəsi”, “Görmə orqanının patologiyası”, “Görmə orqanının vərəmi”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Oftalmologiyanın aktual problemləri” məqalələr toplusu və “Şin istehsalında gözün peşə patologiyası” elmi əsərləri, “Nurlu ömrün səlnaməsi. Zərifə Əliyeva – 95 metodik vəsaiti”, “Зарифа и Гейдар Алиевы. Любовь длиною в вечность»”, MEK tərəfindən tərtib edilən “Zərifə Əziz qızı Əliyeva” adlı biblioqrafik göstərici (2023), “Zərifə Əliyeva. Biblioqrafiya” (2013), Mirkazım Seyidovun “Qaranlığa nur saçan zəka. Мудрость освещающая тьму. The intellect lightening darkness” (2010) kitabları, “Azərbaycan dünyası” beynəlxalq jurnalın “Qayğıkeş insan, mehriban ana Zərifə Əliyeva” adlı növbəti nömrəsi, R.Bahar Sonamın sənədli materiallar əsasında yazdığı avtobioqrafik “Yanar qəlb...” əsəri, elmi redaktoru Mustafa Topçubaşov olan “Akademik Zərifə xanım Əliyeva. Yüksək əqidə” (2003) kitabı, “Zərifə Əliyeva. Azərbaycanın elm və mədəniyyət xadimləri” biblioqrafiyası (1957-2002-ci illər), “Akademik Zərifə Əliyevanın 85 illiyinə həsr olunmuş beynəlxalq konfransın materialları”, “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş oftalmologiyanın aktual problemləri” beynəlxalq elmi konfransın materialları (2013) və digər dəyərli nəşrlər nümayiş olunur. Kitablarda Zərifə Əziz qızı Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti, müxtəlif illərdə çap olunmuş monoqrafiyaları, dövri mətbuatda işıq üzü görən məqalələri yer alıb. Sərgilənən nəşrlərdə Azərbaycan tibb elminə parlaq iz qoymuş alimin həyatının əsas tarixləri əksini tapıb.