MEK-də akademik Urxan Ələkbərovun 80 illik yubileyi münasibətilə kitab sərgisi təşkil olunub

01-05-23

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, “Şərəf” ordenli, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərovun 80 illik yubileyi münasibətilə kitab sərgisi təşkil olunub. Sərgidə təqdim edilən kitablar Azərbaycan və rus dillərində olmaqla texniki, ictimai-siyası sahələri əhatə edir. Burada Urxan Ələkbərovun “Davamlı inkişaf və ekoloji sivilizasiyanın idarə edilməsinin əsasları” dərsliyi, “İnklüziv inkişafın idarə edilməsinin əsasları”, “Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları”, “İnsan inkişafının əsasları”, eləcə də “Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2008, oktyabr - 2010)”, “Biologiya”, “Ekologiya dünyamızın bugünü və sabahı” uşaq ensiklopediyası və digərləri nümayiş etdirilir. Qeyd edək ki, kitablardan humanitar və texniki elmləri öyrənən, dövlət idarəçiliyinin müxtəlif istiqamətləri üzrə ixtisaslaşan tələbələr, həmçinin davamlı inklüziv inkişaf sahəsində ixtisasını artıran mütəxəssislər yaralana bilərlər.