MEK-də 8 noyabr - Zəfər Günü qeyd olunub

04-11-22

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 8 noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş qazilər, şəhidlərin ailə üzvləri, ictimai xadimlər, alimlər və KİV nümayəndələri iştirak edib. Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan MEK-in baş direktoru professor Məmməd Əliyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ikinci ildönümü münasibətilə iştirakçılara təbriklərini çatdırıb və qələbəni şərtləndirən amillərdən söz açıb. Qələbənin təməlində məhz Ümummilli Liderin siyasi hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin dayandığını vurğulayıb. Baş direktor onu da diqqətə çatdırıb ki, I Qarabağ müharibəsinin, Aprel və Tovuz döyüşlərinin, eləcə də 44 günlük Vətən müharibəsinin iştirakçıları haqqında məlumatları toplamaq, gələcək nəsillərə ötürmək bir kitabxana olaraq bizim vəzifəmizdir. ”Elə buna görə Zəfərdən sonra MEK-də yaradılan Qarabağ müharibəsi qəhrəmanları fondunda torpaqlarımızın erməni vandallarından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarını fəda edən şəhidlərimizin, qazilərimizin, müharibədə iştirak edən vətənpərvər Azərbaycan övladlarının xatirəsi daim yaşayacaq!”- deyə baş direktor bildirib. Professor Məmməd Əliyev “Şuşa İli” çərçivəsində MEK tərəfindən tərtib olunan və yeni işıq üzü görən “Şuşa-270” adlı biblioqrafik göstəricinin də kitabxananın bu tarixi qələbəyə növbəti töhfəsi olduğunu xüsusi vurğulayıb. AMEA-nın vitse-prezidenti v.i.e., akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva çıxışında iki il öncə tariximizin ən şərəfli günlərini yaşadığımızı vurğulayıb. Akademik Ali Baş komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun qüdrətindən, xalqımızın birliyindən və dost-qardaş ölkə olan Türkiyənin dəstəyindən danışıb. AMEA-nın Qafqazşünaslıq İnstitutunun baş direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Musa Qasımlı dövlət başçısının uzaqgörənliyi sayəsində qazanılan qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlardan danışıb. Millət vəkilləri Anar İskəndərov və Jalə Əhmədova çıxışlarında zəfərin xalqımız üçün milli qürur mənbəyi olduğunu bildiriblər. Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü, Əməkdar idman ustası İlham Zəkiyev, müharibənin başlanmasından bir gün sonra şəhid olan Cəbrayıl Dövlətzadənin atası, 8 gün erməni əsirliyində qalan Xocalı sakini Dürdanə Ağayeva və digərləri çıxış edərək xatirələrini bölüşüb, şəhidlərə göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər. Tədbir zamanı AR Əməkdar artisti, xanəndə Nuriyyə Hüseynovanın, eləcə də balaca Cavidanın vətənpərvərlik ruhunda ifaları dinlənilib. Həmçinin 8 noyabr - Zəfər Günü münasibətilə videoçarx nümayiş etdirilib.