MEK-də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

12-03-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. YAP Yasamal rayon təşkilatının sədri və əməkdaşları, şəhid ailə üzvləri, eləcə də MEK əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. MEK-in direktoru professor Məmməd Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirdəki bütün qadınları təbrik edib, can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, qadınlar cəmiyyət həyatında fəal təmsil olunurlar. Bunun ən bariz nümunəsi çoxşaxəli və səmərəli ictimai-siyasi fəaliyyəti ilə dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında müstəsna rolu olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də dünya elminə böyük töhfələr verən İzzət Orucova, Zərifə Əliyeva, Ədilə Namazova, Zemfira Səfərova, Nailə Vəlixanlı, Gövhər Baxşəliyeva, Nərgiz Axundova, Nərgiz Paşayeva, İradə Hüseynova kimi akademik qadınlar buna parlaq nümunə obarızıdır. Direktor 100 illiyi tamam olacaq Mərkəzi Elmi Kitabxananın formalaşmasında və fəaliyyətinin uğurla aparılmasında qadın heyətinin öz aktivliyi və peşəkarlığı ilə seçildiyini, həmçinin MEK-in bir qrup qadın əməkdaşının AMEA Rəyasət Heyətinin və MEK-in təşəkkürnaməsi ilə təltif olunduğunu vurğulayıb. Daha sonra YAP Yasamal rayon təşkilatının təqdimatında bu bayrama həsr olunmuş videoçarx nümayiş edilib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev də öz növbəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirdə iştirak edən qadınları, şəhid ailə üzvlərini MEK əməkdaşlarını təbrik edərək, hər birinə can sağlığı arzulayıb. Bəxtiyar Nəbiyev bildirib ki, rayon təşkilatı 120 ərazi təşkilatından ibarətdir ki, onun da 56-sının sədri xanımdır. Azərbaycanda qadınların təmsil olunduqları statistik məlumatları nəzərə çatdıran YAP Yasamal rayon təşkilatının sədri ölkə qadınlarının istər elmdə, istər idarəetmə strukturlarında və siyasi fəaliyyətdə kişilərdən faiz etibarilə üstünlük təşkil etdiklərini vurğulayıb. B.Nəbiyev, həmçinin MEK-in bir qrup əməkdaşına YAP-ın təşəkkürnaməsini təqdim edib. Daha sonra I Qarabağ müharibəsinin Milli qəhrəmanı Gültəkin Əsgərovanın qızı Əminə Axundova çıxışında şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bildirib. Dövlət qadın siyasətindən və şəhid ailə üzvlərinə olan dövlət qayğısından bəhs edib. Tədbirdə iştirak edən xanımlara tər güllər təqdim olunub.