MEK-də 28 May – Müstəqillik Günü qeyd edilib

30-05-23

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 ili tamam olur. Bu gün münasibətilə MEK-in baş direktoru, professor Məmməd Əliyev kitabxananın kollektivini təbrik edərək dövlətçilik tariximizin bünövrəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salıb. Baş direktor qeyd edib ki, 28 may 1918-ci ildə müsəlman Şərqində yaranan ilk demokratik dövlət olan AXC cəmi 23 ay yaşamasına baxmayaraq, milli tariximizdə müstəsna yer tutur. “İkinci dəfə müstəqillik qazanan Azərbaycan Respublikasının bünövrəsi məhz həmin dövrün ideyaları üzərində qurulur. Müstəqilliyimiz dövründə ağrılı-acılı, kədərli günlərimiz olsa da, Azərbaycan regionun güclü dövlətinə çevrilməyi bacardı. Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin sarsılmaz təməllərini yaratdı. Ümummilli Liderin həm genetik, həm də siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünya arenasında haqlı nüfuz qazanıb. Bu gün hər bir Azərbaycan vətəndaşı öz dövləti, dünya azərbaycanlıları Vətəni ilə qürur duyurlar. Artıq üçrəngli şanlı bayrağımız işğaldan azad olunmuş ərazilərdə, orda olan hər bir yüksəklikdə qürurla dalğalanır. Hazırda bu torpaqlarımızda Böyük Qayıdış – genişmiqyaslı quruculuq bərpa işləri aparılır. Şuşada beynəlxalq tədbirlər, forumlar, festivallar keçirilir. Müstəqil Azərbaycan dövləti daha da güclənəcək və bayrağımız daim zirvələrə yüksələcək! Yaşasın Azərbaycan!”, - deyə baş direktor vurğulayıb. Çıxışı zamanı baş direktor, həmçinin AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin bu gün münasibətilə kollektivə ünvanlanan təbrikini də səsləndirib. Daha sonra MEK-in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva demokratik ənənələri olan tariximizin dərinliyindən danışıb. Qeyd olunub ki, XX əsrin əvvəllərində, hətta ABŞ-ın bir çox ştatında qadınlara seçki hüququ verilmədiyi bir vaxtda AXC-də bu hüquq tanınmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan müstəqillik ənənələrinin davam etdirildiyini, Ulu Öndər Heydər Əliyevin bu ənənələr əsasında fundamental, müstəqil dövlətçilik qurduğunu və hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bu idealların ən yüksək səviyyədə yaşandığını vurğuladı. “Bu gün sərhədlərin delemitasiyasını da məhz ADR dönəmi xəritəsinin əsasında aparılmasının ölkəmiz tərəfindən tələb olunması, o dövrdə müstəqil olmağımızın nə dərəcədə əhəmiyyətli olduğunu göstərir”. Xatırladaq, 28 May – Müstəqillik Günü ilə əlaqədar MEK-də sərgi də təşkil edilib. İki həftə müddətində davam edəcək sərgidə bu günün, eləcə də müasir və müstəqil Azərbaycanın tarixini, özündə əks etdirən kitabxananın fondlarındakı dəyərli nəşrlər təqdim edilib.