MEK-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

19-01-23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Qanlı 20 Yanvar hadisələri zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi anılıb. Öncə faciə qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. MEK-in baş direktoru professor Məmməd Əliyev çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisələri xatırlayaraq xalqımızın başına gətirilən müsibətlər barədə məlumat verib. Bildirib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün yox, həm də tariximizə qəhrəmanlıq, şan və şərəf günü kimi yazılıb. “33 il əvvəl xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecədə canlarından keçərək ən uca zirvəyə yüksəldilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, cinayəti törədənlərin adları ictimaiyyələşdirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi. 1998-ci ilin avqustun 5-də Bakı şəhərindəki Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması barədə sərəncam verdi. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsinə xüsusi diqqət yetirir, tarixi həqiqətlərimiz əsaslı şəkildə təbliğ edilir. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Bu gün Azərbaycan regionda və dünyada yeni reallıqlar yaradan qalib ölkədir”. Daha sonra MEK-in Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli çıxış edərək Qanlı Yanvar faciəsini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuşdur. “Nəticədə 131 insan öldürülmüş, 744 adam ağır xəsarət almış, 4 şəxs itkin düşmüş, 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir”. Çıxışçı onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin bu sahədə gördüyü işlərin davamı olaraq Prezident İlham Əliyev həmin hadisəyə xüsusi diqqət yetirib. Məhz Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə Bakının Yasamal rayonunda üzərində həlak olmuş 147 nəfərin adı və soyadı qızıl hərflərlə yazılmış “20 Yanvar abidə-kompleksi” yaradılıb.