MEK-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

24-01-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Öncə Azərbaycanın suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Kitabxananın direktoru, professor Məmməd Əliyev çıxış edərək 34 il əvvəl Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin dərin hörmətlə yad olunduğunu deyib. Həmin illəri xatırladan direktor İmperiyanın özünü saxlamaq cəhdlərindən danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibinin əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilən SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin silah-sursatla təchiz olunmuş qoşun hissələrinə qarşı əliyalın çıxan mərd oğullarımız olub: “Məhz o gecə biz ilk dəfə şəhid sözünü eşitdik. Təəssüf ki, həmin vaxt ölkəyə rəhbərlik edənlər bu hadisələrə hüquqi-siyasi qiymət verməyə cəsarət etmədilər. Xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Lakin bu mübarizədə xalqımızın iradəsi sınmadı, milli ruhu sarsılmadı. 30 il sonra xalqımız minlərlə şəhid verərək ölkəmizin suverenliyini bərpa etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz işğal olunmuş torpaqları öz canları hesabına geri qaytardı”,- deyə Məmməd Əliyev vurğulayıb. Direktor onu da bildirib ki, şəhidlər, müharibə iştirakçıları, onların ailə üzvləri dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın, həm də xalqımızın daim diqqət mərkəzindədir. Mərkəzi Elmi Kitabxana da şəhidlərin xatirəsini hər zaman hörmətlə anır. 44 günlük müharibədən sonra kitabxana sistemində ilk olaraq MEK-də Qarabağ müharibəsi qəhrəmanları fondunun yaradılması da bu diqqətin bariz nümunəsidir.