MEK-də 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

14-02-24

14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri və müavini, həmçinin Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin, Bakı şəhəri 16 nömrəli Texniki-Humanitar liseyin, 164 saylı və Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəblərin, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bir qrup şagird və müəllim heyəti iştirak ediblər. Tədbiri giriş sözü ilə açan MEK-in direktoru, professor Məmməd Əliyev bu günün tarixi, mahiyyəti və kitab oxumağın faydaları haqqında danışıb. Direktor qeyd edib ki, internetin, virtual reallığın üstünlük təşkil etdiyi dövrdə yaşasaq da kitaba, mütaliəyə olan sevgi daha da artırmaqdır. “Bu ilin 14 fevralı bizim üçün həm də ikiqat bayramdır. Ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimidir. Bu münasibətlə Prezidentimizi təbrik edir və ölkənin bundan sonra daha da inkişafı naminə ali dövləti fəaliyyətində uğurlar diləyirik”,- deyə direktor qeyd edib. Tədbirdə çıxış edən, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev MEK tərəfindən mütəmadi olaraq həyata keçirilən kitab bağışlama aksiyalarını yüksək qiymətləndirib. Sonra kiçik viktorina keçirilib, qaliblər müəyyən olunaraq mükafatlandırılıblar. Tədbirdə, həmçinin şagirdlərin ifasında rəqs nömrələri nümayiş olunub, şeirlər səsləndirilib. Sonda hər bir şagirdə MEK-in mübadilə fondundan bir-birindən dəyərli nəşrlər hədiyyə edilib. Məktəblilər sonda MEK-i ekskursiya edərək buranın fəaliyyəti və fondları haqqında ətraflı məlumat alıblar, kitabxana ilə yaxından tanış olublar.