MEK-də 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
25-04-22
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Bu günün uşaqları, sabahın ümidləri!” adlı tədbir keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, “Qorqud” Vikipediya Metodik Klubunun və AMEA Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid övladları, Şuşa şəhər 6 saylı tam orta məktəbin, həmçinin Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət gimnaziyasının şagirdləri iştirak ediblər. Tədbirdə AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək, uşaqları bayram münasibəti ilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Baş direktor Məmməd Əliyev bildirib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən keçirilməsi qərara alınan bu bayram dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da hər il qeyd edilir. “Uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi dövlətin başlıca vəzifələrindən biridir. Bu günün uşaqları, Vətənimizin, millətimizin gələcəyidirlər”, - deyə professor Məmməd Əliyev vurğulayıb. Tədbirdə çıxışı zamanı “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı, millət vəkili Elnur Allahverdiyev bildirib ki, Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb. Millət vəkili ölkədə bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatların həyata keçirildiyini, uşaq hüquqlarının müdafiəsi sahəsində addımlar atıldığını bildirib, həmçinin Heydər Əliyev Fondunun gördüyü işlərin uşaqların parlaq gələcəyinə yönəldiyini qeyd edib. Sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev uşaqların milli ruhda, tarixi ənənələrə, soykökünə bağlanan bir vətəndaş olaraq böyümələrini, onların inkişafında cəmiyyətin, təhsilin rolundan bəhs ediblər. Çıxışçılar uşaqlara Zəfər çalan Azərbaycanı layiqincə təmsil edən parlaq gələcək arzulayıb. Tədbir zamanı MEK əməkdaşlarının kiçik yaşlı övladlarının əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Rəsm müsabiqəsinin qalibləri, Yasamal rayonundakı məktəblərin fərqlənən 11-ci sinif şagirdləri tədbirin təşkilatçıları tərəfindən mükafatlandırılıblar. Bədii hissədə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət gimnaziyasının şagirdləri “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı səhnə ilə çıxış ediblər, müxtəlif rəqs nömrələri nümayiş olunub. Həmçinin məktəbli Nərmin Yəhyazadənin böyük satirik M.Ə.Sabirin 160 illik yubileyi münasibətilə “Bəhri-təvil”ini səsləndirməsi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)