MEK “A.S.Puşkin və kitab” adlı beynəlxalq konfransda təmsil olunub

05-04-23

3-4 aprel 2023-cü il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində “A.S.Puşkin və kitab” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Rusiya Dövlət Kitabxanası, A.S.Puşkin Dövlət Muzeyi və Rusiya Təhsil Akademiyasının “Təhsil və mədəniyyət” şöbəsinin təşkilatçılığı ilə baş tutan konfransda MDB ölkələrindən bir çox alim və tədqiqatçılar iştirak edib. Konfransda Azərbaycanı AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, dosent Şəhla Tahirqızı, Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova və Biblioqrafiya şöbəsinin biblioqrafı Türkan Vahidova təmsil ediblər. Onlayn şəkildə qoşulan əməkdaşların “A.S.Puşkinin AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarında qorunan irsi” mövzusunda məruzələri dinlənilib. Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.