Macarıstanın dövlət və elm xadimləri MEK-də olublar
23-09-22
Macarıstanın dövlət və elm xadimləri MEK-də olublar 23 sentyabrda Macarıstanın dövlət və elm xadimləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar. Görüşdə Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma, Azərbaycanın Macarıstanda və Polşadakı sabiq səfiri, diplomat və alim Həsən Həsənov, Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovari, macar alimi, görkəmli türkoloq Georg Hazainin qızı Sisilya Hazai, TDT-nin Macarıstandakı nümayəndəlik ofisinin layihə direktoru Elbəy Əliyev, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin əməkdaşı Ruslan Qasımov iştirak ediblər. Öncə qonaqlar MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda olublar. Buradakı guşələr, məlumat bazaları və nəşrlər haqqında məlumatlandırılıblar. Daha sonra MEK-in fondunda macar dilində olan ədəbiyyatlardan, eləcə də görkəmli alim, türkoloq G.Xəzainin kolleksiyasından ibarət sərgiyə baxış keçirilib. Sərgi qonaqların böyük marağına səbəb olub. Dəyirmi masa ətrafında davam edən görüşü giriş nitqi ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqları bu elm ocağında görməkdən məmnunluğunu ifadə edib və kitabxananın fəaliyyəti haqqında danışıb. Bildirilib ki, hazırda MEK-in fondlarında 1,5 milyona yaxın nəşr saxlanılır. Bu nəşrlər arasında Azərbaycan macar elmi əlaqələrinin güclənməsində xüsusi rolu olan macar türkoloq Georq Hazainin kolleksiyasının xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Həmçinin baş direktor MEK ilə Macarıstan təşkilatları arasında səmərəli tərəfdaşlıq əlaqələrindən də bəhs edib. Qeyd olunub ki, Macarıstanın ən böyük və daim genişlənən rəqəmsal dövri məlumat bazası olan “Arcanum” şirkəti və Macarıstan Respublikasının Eotvos Lorand Universiteti (ELTE) ilə ikitərəfli əməkdaşlıq yaranıb və uğurla davam etdirilir. Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma Azərbaycana gəlişindən sonra ilk ziyarət etdiyi yerlərdən birinin məhz Mərkəzi Elmi Kitabxana olduğunu qeyd edib. Burada yaradılan şəraitdən və kitabxananın zənginliyindən danışan səfir qonaqpərvərliyindən dolayı MEK-in rəhbərliyinə təşəkkür edib. Səfir Tamaş Yojef Torma iki ölkə arasında elmi, mədəni əlaqələrin səviyyəsinin yüksək olduğunu bildirib. G.Hazainin mirasının və xatirəsinin bu kitabxanada yaşadılması qurulan tarixi və möhkəm əlaqələrin bariz nümunəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra Azərbaycanın Macarıstanda və Polşadakı sabiq səfiri, diplomat və alim Həsən Həsənov bu görüşün önəmini vurğulayıb, görkəmli türkoloq alim G.Hazainin şəxsən tanıdığını bildirib və onunla bağlı xoş xatirələrini bölüşüb. TDT-nin Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovari öz növbəsində türk dövlətləri ilə işbiriliyinin dəstəklədiyini bildirərək türk tarixinin, elminin öyrənilməsində kitabxanaların və xüsusilə kitabların rolundan danışıb. “Atamdan mənə qalan ən dəyərli miras onun Azərbaycandakı çalışmaları, elmi işləridir”-deyə görkəmli alimin qızı Sesiliya Hazai qeyd edib. Çıxışı zamanı, həmçinin onun başladığı işi davam etdirmək istədiyini bildirib və məşhur türkoloq alimin həyat və yaradıçılığına həsr olunan yeni nəşrləri MEK-ə hədiyyə edib. Sonda MEK tərəfindən qonaqlara dəyərli hədiyyələr –neftlə çəkilən şəkil kompozisiya və səfir Tamaş Yojef Tormaya Çingiz Qacarın “Qədim Şuşa” kitabı təqdim edilib. Xatirə şəkilləri çəkilib.