Kiçik ürəklərin böyük dərdləri...

31-10-22

Dünyanın ən məsum, ən saf varlıqlarıdır uşaqlar. Bu məsumluq, təmizlik onların baxışlarında düşüncələrində özünü aydın surətdə əks etdirir. Lakin çox təsssüf ki, bəzən bu məsumiyyətin üzərindən qəddar, sevgisiz insanlar soyuqqanlılıqla xətt çəkirlər. Bu qəddarlıq, amansızlıq dünyada qarşıdurmalara, müharibələrə səbəb olur. Və bu müharibələrdə də ən çox əziyyət çəkən kin, nifrət nədir bilməyən uşaqlar olur. Bir çox böyük dövlətlərin maraqları, məqsədləri, ambisiyalarının nəticəsi olaraq Suriyada, İraqda, Əfqanıstanda, Qarabağda, Ukraynada və s. bölgələrdə münaqişələr, müharibələr nəticəsində milyonlarla uşaqların həyatı alt üst olub... - olmağa da davam edir. UNİCEF-in məlumatlarına əsasən, müharibələrdən zərər görən ölkələrdə yaşayan 250 milyondan çox uşaq var. YUNESKO-ya görə isə 37 milyon uşaq bu savaşlar üzündən məktəbə getmir, təhsil ala bilmirlər. Ailə münaqişəsində baş verən kiçikmübahisələr uşaqlara mənfi təsir edərkən, ölkəsində gedən müharibələrin uşaqlara təsirinin nə qədər böyük olduğunu təsəvvür etmək o qədərdə çətin deyildir. Uşaqlar müharibə ilə müxtəlif yaşlarda qarşılaşdılar. Kimisi körpə ikən, kimisi yeniyetmə dövründə, bəziləri də erkən gənclik çağında. Müharibənin bütün acıları, qorxu və həyəcanları ağ vərəqə köçürülən yazı kimi qəlbimizə yazıldı. Uşaq yaşlarımızdan böyüklərdən eşitdiyimiz "ermənilər çox xain millətdir", "ömrü boyu çörəyimizi yeyib, indi torpaqlarımıza göz dikiblər" və s ifadələrin canlı şahidi olaraq böyüdük. Ermənilər təkcə bizim torpaqlarımızı deyil, ömrümüzün heç vaxt geri qaytarılmayacaq, yaşanacaq çox gözəl günlərini də işğal etmişdilər... Çox şeylərdən məhrum qaldıq... müharibə nəticəsində həyatımızın istiqaməti 180 dərəcə dəyişdi... İllər boyu tarix kitablarından oxuduğumuz, kinolarda gördüyümüz müharibənin canlı şahidlərindən biri də mən özüm oldum. Doğulub, yeniyetməlik yaşına çatdığım Füzuli rayonu da mənfur qonşularımız ermənilərin göz dikdiyi torpaqlardan idi. Vətən torpağı müqəddəsdir. İnsan dünyaya göz açdığı bir gündən havası ilə nəfəs aldığı, boya-başa çatdığı vətən torpağına müqəddəs tellərlə bağlanır. İnsanın varlığına hakim olan bu hiss ana məhəbbəti qədər güclü olur. Öyrəşdiyin mühitdən, yaşayış yerindən, insanlardan ayrı düşməkdə anadan ayrı qalmağa bərabərdir. Axı vətənə əbəs yerə "Ana vətən" deyilmir ki! Vətən-torpaq deyilən anlayışların Ana epiteti ilə əlaqələndirilməsi təbiidir. Uşaqlığın, ərköyünlüyün, şıltaqlığın da qalır sanki tərk etdiyin o elində, evində. Hələ 3 yaşında olarkən doğulduğu Füzuli elindən qaçqın düşmüş, 2020 -ci il Vətən müharibəsi şəhidi Ziyad Muradov duyğularını şeirində qələmə alaraq yazırdı: Qarabağda nəyim qaldı? Nakam qalmış saf arzular. Qarabağda nəyim qaldı? Bir ovuc torpağım deyil, Sanki dünyam, canım qaldı Qarabağda nəyim qaldı? Yarımçıq yellənən boş yüyürük. Yaylası yarımçıq qalan ulduzlu gecəm, Nakam qalan arzularım (Türksoy, 2022, s. 12) Baş verən bütün müharibələrdə ən çox əziyyəti uşaqların çəkdiyinin şahidi oluruq. Ancaq əslində qocalar, qadınlar və uşaqlar hər cür müharibədən, münaqişədən kənarda qalmaqdadırlar. Fərq qoymadan müharibə edən hər iki tərəf onları qorumalıdır. Bu bütün müharibələrin müqəddəs qanunudur. Erməni kimi vəhşi bir millət və onların havadarları isə nə qanun tanıyır, nə vicdan nədir bilir, nədə ürəklərində mərhəmət hissi var. İşğalçı Ermənistan ordusu təkcə Azərbaycanın kişiləri ilə deyil, həm də körpə uşaqlarla da müharibə aparmışdır. Əsrlər boyu Azərbaycanımızın başından bir çox müharibələr keçmişdir. Tarixə nəzər saldıqda bunu əyani surətdə görmək olur. Dünya tarixində ən çox soyqırımlara məruz qalan da Azərbaycan xalqı olmuşdur. Azərbaycanlılara qarşı törədilən soyqırımlar Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda, Qarabağda və digər yerdlərdə xüsusi qəddarlıqla, amansızlıqla həyata keçirilmişdir. Həmin ərazilərdə dinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, milli abidələr dağıdılmışdır. (Əliyev, 2005, s. 101) Və bəşər tarixində heç bir vəhşiliklə müqayisə olunmayan Xocalı faciəsi... XX əsrin faciəsi hesab edilən, XX əsrdə 2-ci dəfə belə ağlasığmaz etnik təmizləməyə məruz qalan Azərbaycan xalqı... Xocalı soyqırımı nəticəsində 63 azyaşlı uşaq qətlə yetirilib, insan ağlına sığmayan qəddarlıqla üzləşiblər. Qarabağ hadisələrinin iştirakçısı, yazıçı-şair Zori Balayan 26 fevral Xocalıda törətdikləri soyqırımda, azərbaycanlı uşaqlara necə ağlasığmaz işgəncə verərək öldürdüyünü etiraf etmişdir. İncə ruha sahib olurlar yaradıcı insanlar. Ermənilərin "incə ruha sahib" şairinin etdiyi və sonrada qələmə aldığı bu qəddarlıqdan sonra bu millət haqqında fikir artıq formalaşır. Bu uşaqlar Xocalı dəhşəti yaşayanda onun acısını hələ tam dərk etmirdilər. Çünki bu ağırlığı məsum uşaq qəlblərində yaşatmağa, körpə çiyinlərində daşımağa hazır deyildilər. 1992-ci ildə baş verən o ağrılı, dəhşətli gecənin qaranlığında avtomatın ölüm saçan güllələrinin atəşi altında ayaqyalın, başıaçıq qarın üstü ilə qaçaraq erməni faşistlərindən canını qurtarmağa çalışan körpələrin acı taleyi Azərbaycanın keşməkeşli çağdaş tarixinin acı səhifəsidir (Eyvazlı, 2014, s. 16). Bu faciənin konkret talelərdə yaşantıları, qırılmış insan ömürlərindən qalan izləri yaddaşlarda bitməyən ağrısı heç bir ölçüyə sığmaz, hesaba gəlməz. Onların həyat hekayəsi qan donduracaq qədər ağrıdıcıdır. Xocalı sakini Mehdi Əliyevin acı uşaqlıq xatirəsi: "Xocalı soyqırımından sağ çıxmış, hər iki valideynini və iki qardaşını itirmiş biriyəm. Onda 4 yaşım vardı, uşaq ağlımla müharibənin nə olduğunu anlamırdım. Amma çəkdiyim əzab - əziyyət, gözümlə gördüyüm zillətlər, ürəyimə çəkilən dağ mənə müharibənin nə demək olduğunu dünyada hamıdan yaxşı anlatdı. Həmin gecə Xocalıdan ailəlikcə çıxmışdıq. Yadımdadı, ermənilər bizi gülləyə tutanda yerə yıxıldım. Ağlaşma və qışqırıq səslərindən qulaqlarım batdı. O təlaşda, qaçaqaçda meşədə demək olar ki, tam tək qaldım. 4 yaşlı uşaq və meşədə tək-tənha. Qışqıra-qışqıra ağlayırdım. Səsimə ermənilər gəldi və məni əsir götürdülər. Təsəvvür edin, 4 yaşlı uşaq - əsir! Məni digər əsirlərin yanına apardılar. Vahimə içində olan adamlar arasında dolaşır, valideynlərimi, qardaşlarımı axtarırdım. Axı onların öldüyünü hardan biləydim, necə dərk eləyəydim? Elə bilirdik həmin dəqiqə dünya külə dönəcək, həyat bitəcək. Bu yaşda ölümlə üz-üzə dayanmağı kimsəyə arzulamazdım. İndi bəzən mənə deyirlər sən böyümüsən, yekə kişisən möhkəm ol! Ancaq anlamırlar ki, mən böyüməmişəm, 4 yaşında olan Mehdiyəm. Anamı, atamı, qardaşlarımı axtarıram-mənə onlar lazımdı! Əclaf müharibə! Onu yer üzünə gətirənə Allah lənət eləsin!"(Eyvazlı, 2014, ss. 19-23). Ermənistanın Azərbaycana qarşı başlatdığı Qarabağ müharibəsində atəşkəs rejimi zamanı 34 uşaq erməni terrorunun qurbanı olmuşdur. Onlardan 14-ü həlak olub, 20-si yaralanıb. Ümumilikdə isə Qarabağ münaqişəsində 195 azərbaycanlı uşaq qətlə yetirilib. Həmçinin, respublikamızda olan 700 min məcburi köçkündən 200 min nəfərini uşaqlar təşkil edir, 260 min uşaq məcburi köçkün kimi dünyaya göz açmışdır. Ermənilər öz həqiqi simalarını, xislətlərini bir daha göstərərək, dinc əhaliyə, günahsız uşaqlara qarşı qəddarlıqlarını nümayiş etdirdilər. Onlar beynəlxalq qanunvericiliyin bütün tələblərini pozmağa davam edərək, 1994-cü ildə Tovuz rayonu ərazisindən axan çaya buraxılan uşaq oyuncağına partlayıcı maddə yerləşdirərək, Əlibəyli kəndindən iki uşağın ölümünə və birinin yaralanmasına səbəb olmuşdular. Həmin hadisə 2011-ci ildə həmin yerdə yenidən baş vermiş, 13 yaşlı Aygün Şahmalıyeva həyatını itirmişdir (13 yaşlı qızın faciəvi ölümü, 2011). Erməni faşizmi dinc əhaliyə qarşı təxribatlarını genişləndirməyə davam edirdilər. Və yenə də günahsız uşaqlar... 2004-cü ilin fevral ayında Füzuli rayon Qazaxlar kənd sakinləri 11 və 12 yaşlarında iki qardaş Məmmədli Elgün və Məmmədli Elvin Lələtəpə yaxınlığında minaya düşərək həyatlarını itirdilər. Axı nə idi onların günahı?! Niyə onlar öz torpaqlarında bu qəddar düşmənçiliyin qurbanları olmalı idilər?. Hər bir uşaq sülh şəraitində yaşamalı, müharibə və hərbi cinayətlərin təsirindən qorunmalıdır. Lakin düşmənçiliyin ən pis üzü olan Ermənistan mülki əhaliyə, xüsusilədə körpə uşaqlara qarşı terror hücumlarını bitirmək niyyətində deyildi: 2011-ci ildə Ağdamın Orta Qışlaq kəndində həyətlərində dostları ilə oynayan, ailənin tək övladı olan 9 yaşlı Fariz Bədəlov erməni snayperinin gülləsinə tuş gələrək həlak olmuşdur. Yaşıdları ilə şən, dünyadan məmnun halda öz uşaq oyunlarını oynayan günahsız Fariz, səni bir neçə saniyə sonra nələr gözlədiyini hardan biləydin?!.. Yenədə beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulması. Məkrli düşmənimizin dinc soydaşlarımıza qarşı qəddar planları və yenə bir ailədə sağalmaz yara! 2017-ci il 4 iyul tarixində Ermənistan faşizmi bir daha özünün çirkin sifətini dünyaya göstərdi. Füzuli rayonunun Alxanlı kəndinin ağır silahlardan hədəfli şəkildə atəşə tutulması nəticəsində 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və nənəsi Sahibə Allahverdiyeva qətlə yetirildi. Erməni mərmisinə tuş gələn 18 aylıq zavallı qızcığaz evin yeganə övladı, sevinci idi. Öz kəndlərində, evlərinin həyətində nənəsinin əlindən tutub gəzişən Zəhranın ölümü bütün uşaqsevərləri, insan həyatına ehtiramla yanaşan hər kəsi sarsıtdı. Müharibə qəddardır, ancaq onun da yazılmamış qanunları var. Onlara dəqiq riayətə görə hətta nifrət etdiyin düşmənə də hörmət etmək olar. Bu qanunlar dinc əhalini məqsədli surətdə öldürməyi və əzab verməyi qadağan edir. Bu qanunları pozanlar öz üzərilərinə "Domokl qılıncı" kimi əbədi lənəti götürürlər. Bu dəhşətlidir, ancaq bu belədir, ona görə ki, dünyada Ali ədalət və Ali qisas vardır (Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi, 2017, s. 72). Və biz o qisası nəhayət ki aldıq - döyüş meydanında... O mələk simalı körpələrin qanları yerdə qalmadı. Tarixə xalqımızın qəhrəman şəhid övladlarının müqəddəs qanlarıyla əbədi yazılan, 27 sentyabr 2020-ci il. Bu tarix bizim böyük Zəfər yolumuzun başlanğıcı oldu. Həmin gün Azərbaycan Ordusu, Ali Baş Komandanın əmriylə əks-hücuma keçərək 30 illik həsrətimizə son qoydular. Cəbhə xəttində əldə etdiyimiz uğurlardan hiddətlənən Ermənistan, məruz qaldıqları bu uğursuzluğun acısını dinc əhalidən çıxmaqla öz simalarını bir daha göstərdi. 27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirdilər (iki sahil qazeti, 2020). Nəticədə mülki əhali və məsum uşaqlar arasında ölənlər və yaralananlar oldu. Ümumilikdə erməni vandallığı nəticəsində 65 mülki vətəndaş həlak oldu ki, onlardan 10-u uşaqlar oldu. 31 uşaq isə yaralandı. 2007-ci il təvəllüdlü Mayakov Artur 17 oktyabr tarixində Gəncəyə atılan raket nəticəsində yaralanaraq xəstəxanaya aparılmış, lakin 7 gündən sonra xəstəxanada dünyasını dəyişmişdi. Eyni qətliam nəticəsində 15 yaşlı Nigar Əsgərova da həlak oldu. Nigarla yanaşı, onun 10 aylıq xalası qızı Narin Xalıqova və anası Sevil Əsgərova da qətliamın qurbanlarından oldular. Ana ilə körpə eyni məzarda dəfn edildilər. Gəncə bombalanmasının qurbanlarından olan, yuxuda ikən həlak olan körpələrdən biri də 1 yaşlı Mədinədir... Bacı-qardaş 6 yaşlı Xəlilli Məryəm və 11 yaşlı Xəlilli Orxan da 17 oktyabr terrorunun qurbanları olub ("Nə evim qalıb, nə də uşaqlarım", 2020). Ermənilərin Gəncəyə atdıqları raket atəşi zamanı dağıntılar arasında qalan, xəsarət alaraq yaralanan nə qədər uşaq oldu. Onlardan biri Ömər Nəsirov o körpə məsumluğu ilə dilə gətirdiyi - "Daşın altında qaldım. Qorxdum... Bu, heç vaxt yadımdan çıxmayacaq..." sözləri nəinki onun özünün, heç bir azərbaycanlının yaddaşından silinməyəcək... Uşaqlara qarşı erməni vəhşiliyi bununla bitmir. Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak oldu. Goranboy rayonunun Qızılhacılı kənd sakini 9 yaşlı Həsənov Elcan Elgün oğlu və Ağcabədi şəhərindən olan 5 yaşlı İbrahimova Ayan Rövşən qızı da yaralanaraq erməni terrorunun qurbanlarından oldular. Bundan əlavə, erməni terroru nəticəsində Ağcabədi rayonunun Taynaq kənd sakini 14 yaşlı İsgəndərov Fərid Dilafət oğlu, Naftalan rayonunun Qaşaltı kənd sakinləri 13 yaşlı Şəhriyar Qurbanov 14 yaşlı Fidan Qurbanova da həlak oldular (Azərbaycanlı uşaqlara qarşı erməni terroru, 2022). Bu uşaqların hər biri yaşlarının ən gözəl, saf, məsum çağlarında qəddar düşmənin dinc əhalini hədəfə almasının qurbanları oldular. Günahsız dinc adamların, xüsusən məsum körpələrin vəhşicəsinə qətlə yetirilməsi həm müharibə qayda-qanunlarına, həm də bütün bəşəri prinsiplərə zidd hərəkətdir. Heç bir prinsiplərə riayət etməyən işğalçı Ermənistan isə, insanlığa qarşı hər cür zalımlığı etməkdən çəkinməyiblər. Əsrlər boyu Azərbaycan xalqı, onun torpaqlarında dövlət quran, onun maddi sərvətlərini istədiyi kimi çapıb talayan, onun xoş münasibətinə və ehtiramına yalnız xəyanət və pisliklərlə cavab verən erməni şovinist və revanşistlərindən hər cür əzab çəkmiş, hər cür zülm görmüşdür (Azərbaycanda erməni zülmü, 2001, s. 5). Erməni terrorunu öz gözləri ilə görən, əzizləri, doğmaları bu cinayətlərdə qurban olan uşaqların həyatları boyu gözlərində, qəlblərində daşıdıqları nisgil onları daha da mətin, daha da güclü etdi. Axı onlar qəhrəman Azərbaycan xalqının məğrur övladlarıdırlar. Torpaqlarımızın erməni işğalında olduğu vaxtlarda yaşları kiçik olan uşaqlar böyüdülər, onlara doğma olan yerləri əsla unutmadılar. Onlar, hər zaman düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsi uğrunda mübarizə aparmağa hazır oldular. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə tarixdə bənzəri olmayan qələbə oldu. Və biz bu qələbəyə layiq idik. Biz qələbə əldə edərək düşməni öz doğma torpaqlarımızdan qovduq və o məsum körpələrin qanını yerdə qoymadıq! Ümid edirəm ki, bir gün bütün dünyada heç bir körpənin qulaqları güllə səsi eşitməyəcək, dilləri müharibə kəlməsi səsləndirməyəcək! Arzu edirəm onlar qayğıyla əhatə olunmuş, sağlam, hərtərəfli, hüquqları tam qorunacaq halda böyüsünlər. Axı uşaqlar bizim gələcəyimizdir! AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı Leyla İbrahimovanın "525-ci qəzet"in 25.10.2022-ci və 26.10.2022-ci il tarixli sayında gedən "Kiçik ürəklərin böyük dərdləri..." adlı məqaləsi https://525.az/news/204048-kicik-ureklerin-boyuk-derdleri https://525.az/news/204130-kicik-ureklerin-boyuk-derdleri