İqdır Aralıq Bələdiyyəsinin başqanı TAİB təmsilçiləri ilə birgə MEK-də olublar

27-10-22

Azərbaycanda səfərdə olan İqdır Aralıq Bələdiyyəsinin başqanı, Ədalət və İnkişaf Partiyasının tanınmış simalarından olan Mustafa Guzelkayanın rəhbərlik etdiyi nümayəndə heyəti Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin təmsilçiləri və “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri ilə birgə AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər. MEK-in baş direktoru professor Məmməd Əliyev qonaqları qarşılayaraq onları burada görməkdən məmnun olduğunu bildirib. Baş direktor Mərkəzi Elmi Kitabxana - onun tarixi, fondu, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında qonaqlara ətraflı məlumat verib və kitabxana ilə yaxından tanışlığa dəvət edib. Öncə qonaqlar MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda olublar. Professor Məmməd Əliyev burada toplanan nəşrlər, məlumat bazaları, eləcə də hər bir guşəsi haqqında ətraflı məlumat verib. Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsində olarkən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlər qonaqların xüsusi marağına səbəb olub. Fondda toplanan kitablarla bağlı fikir mübadiləsi də aparıblar. Daha sonra Nadir kitablar və qiymətli nəşrlər fondunda olan qonaqlara burada mühafizə olunan ən qədim nəşrlər, miniatür kitablar nümayiş edilib. Söhbət zamanı qonaqlar MEK-də olmalarından məmnunluqlarını ifadə edərək burada yaradılan şəraiti yüksək qiymətləndiriblər.