Bir qrup özbəkistanlı alim MEK-i ziyarət edib

25-04-22

"Ziyalı Ocağı" İctimai Birliyinin xətti ilə Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının müxtəlif universitet, elmi institut və dövlət müəssisələrində çalışan bir qrup özbəkistanlı alim Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. MEK-in baş direktoru professor Məmməd Əliyev görüş zamanı qonaqları kitabxananın Akademiklər zalında yerləşən müxtəlif ölkələrin nümayəndəlikləri tərəfindən hədiyyə edilən nəşrlərin mühafizə edildiyi Diplomatik fond, AMEA-nın yaradılmasında əməyi keçən 15 akademikin büstlərinin yer aldığı qalereya, həmçinin Aprel və Tovuz döyüşlərinin, Birinci və İkinci Qarabağ müharibəsinin şəhid, qazi və iştirakçıları barədə məlumatların sistemli şəkildə toplanıldığı Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış edərək, onlara geniş məlumat verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsinin şanlı qələbə ilə sona çatmasından, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusunun işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdığından söz açıb. Eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın köklərinin tarixin dərin qatlarına gedib çıxdığını, özbəklərin hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərdiyini, azərbaycanlı ədiblərin əsərlərindən bəhrələndiyindən danışıb. Professor Məmməd Əliyev çıxışı zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bir müddət öncə Özbəkistana dövlət səfərinin baş tutduğunu, bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını qeyd edib. AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Özbəkistan səfəri çərçivəsində bu ölkənin Elmlər Akademiyasında olduğunu, Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumunun imzaladığını qonaqların nəzərinə çatdırıb. Bu sənədin iki ölkə arasında əməkdaşlığın daha da gücləndirəcəyini, əməkdaşlıq üçün yeni imkanlar yaradacağını vurğulayıb. Bununla da hər iki ölkə alimlərinin elmi və elmi-texniki problemlər üzrə birgə tədqiqatların aparılmasının, birgə elmi konfransların, simpoziumların, seminarların, görüşlərin təşkilinin, kadr hazırlığının, informasiya və nəşr mübadiləsinin və s. məsələlərin nəzərdə tutulduğunu bildirib. "Ziyalı Ocağı" İctimai Birliyinin sədri İlahə Bayandır iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyindən, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəyindən danışıb. Qonaqlar kitabxana ilə tanışlıqdan məmnunluqlarını bildirərək, dəyərli nəşrlər hədiyyə ediblər. MEK-in mübadilə fondundan özbəkistanlı nümayəndə heyyətinə “Тайны Баку” (Сейран Велиев), “Геноцид Азербайджанцев В Иреванской Губернии (1918-1920)” (И.Нифтаниев), və “Геноцид Азербайджанцев В Карабахском Регионе Азербайджана (1918-1920)” (Н.Мамедзаде) kitabları təqdim edilib. Görüş bir sıra maraqlı məsələlərin müzakirəsi ilə başa çatıb. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 (daxili 14-14)