Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimində MEK əməkdaşları da iştirak edib

28-09-22

Sentyabrın 28-də Bakıda “JW Marriott Absheron Baku” otelində “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın (The 5th Eastern Partnership E-infrastructures Conference – EaPEC 2022”) açılış mərasimi keçirilib. GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnet” (EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir. Konfransda AMEA-nın prezidenti, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev, GEANT-ın baş direktoru Erik Hayzer, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qubanov, Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov, Şərq Tərəfdaşlığı ölkələri ilə rəqəmsal və iqtisadi əməkdaşlıq üzrə proqram meneceri Tibault Şarlet, “EaPConnect” layihəsinin meneceri İrina Metyu çıxış ediblər. Qeyd edək ki, konfransda AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı və MEK-in Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova da iştirak ediblər.