Bakı Avrasiya Universitetinin tələbələri MEK-də ekskursiyada olublar
15-03-23
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutunda istehsalat təcrübəsi keçən Bakı Avrasiya Universitetinin tələbələri Mərkəzi Elmi Kitabxanada ekskursiyada olublar. MEK-in baş direktoru professor Məmməd Əliyev qonaqları qarşılayaraq kitabxananın fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra baş direktor tələbələri kitabxananın Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış edib. Professor M.Əliyev MEK-də belə fondun olmasının əhəmiyyətini vurğulayıb və burada Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş şəkilləri, “Qarabağ Azərbaycandır!” guşəsində müharibə iştirakçılarının fotoları, onların şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə olunan kitablardan ibarət kolleksiya, Azərbaycan Respublikasının xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları” guşəsi, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı şəhid, qazi və müharibə iştirakçıların həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlarla, şəxsi sənədlərlə yaxından tanış edib. Baş direktor, həmçinin qeyd edib ki, 44 günlük müharibədə Azərbaycanın növbəti qəhrəmanları doğuldular. “Bu fond onların xatirəsini yaşadaraq gələcək nəsillərə ötürülməsi baxımından mühüm rola malikdir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 44 günlük müharibə nəticəsində Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu, tarixi ədalət bərpa olundu. Qarabağ tamamilə yenidən qurulur, sıfırdan ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər, qəsəbələr tikilir. Məhz bu sahədə siz - gənclərin üzərinə böyük məsuliyyət düşür. Aparılan dövlətçilik və quruculuq işlərində yaxından iştirak edərək Vətənimiz, millətimiz, dövlətimiz üçün daha uğurlu fəaliyyət göstərməlisiniz”, - deyə baş direktor tələbələrə müraciət edib. Daha sonra tələbələr MEK-in digər fondlarının fəaliyyəti ilə tanış olublar. Qeyd edək ki, tələbələri Universitetin Ümumi filologiya kafedrasının əməkdaşı f.ü.f.d., dosent İlhamə Qəsəbova və baş müəllimi Çiçək Hüseynova müşaiyət ediblər.