Azərbaycanda XVI əsrə aid ən qədim kitab MEK-də mühafizə olunur
25-04-22
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarında Azərbaycan kitabxana sistemindəki ən qədim və qiymətli kitablar mühafizə olunur. Son zamanlar MEK-in Nadir kitablar və qiymətli nəşrlər fondunun yenidən formalaşdırılması və təşkili nəticəsində Azərbaycan kitabxanalarındakı ən qədim kitab eksponatının məhz burada mühafizə olunduğu müəyyən olunub. Sözügedən kitab çap tarixi 1502-ci ilə aid olan tərtibçisi Vallendorflu Virgilinin “Müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət Heptalogiya” (Heptalogium ex diversis paginis atque auctorum officinis congestum) adlı monoqrafiyasıdır. Monoqrafiyada müəllif müxtəlif elm sahələri ilə əlaqədar fikirlərini bildirib, ritorika, arifmetika, etimologiya, orfoqrafiya, musiqi, astronomiya, həndəsə, etika, poetika, tarix, tibb, xiromantiya kimi elmləri və bu elm sahələrindəki problemləri qeyd edib. Fondda, həmçinin 1508-1572-ci illəri əhatə edən, “Azərbaycan Respublikasının kitab abidələri”nə daxil olan kitablar da mühafizə edilir. Qeyd edək ki, AMEA MEK-in Nadir kitablar və qiymətli nəşrlər fondu 1998-ci ildə yaradılıb. Burada kitablar müəyyən meyarlar əsasında seçilərək yığılıb. Bunlardan ən önəmliləri region və ölkə əhəmiyyətli elmi nəşrlər, nəfis tərtibatlı kitablar, nəşr tarixi və ölçülərinə görə seçilən kitablardır. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)