Azərbaycan Milli Xalça Muzeyi tərəfindən MEK-ə nəşrlər təqdim edilib

05-03-24

Azərbaycan Milli Xalça Muzeyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına dəyərli nəşrlər təqdim edilib. Kitabxanaya Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq. Təsviri və dekorativ-tətbiqi sənət məsələləri” beynəlxalq elmi konfransın xüsusi buraxılışı, “Türk və İslam əsərləri kolleksiyasında Azərbaycan xaçaları” (türk dilində), “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından”, “Rami və Meir. Bir xalqın hekayəsi-bütün dünya üçün”(rus dilində), “Azərbaycan Xalça Muzeyi. 55 illiyinə”, “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları”, “Vətənim mənim” adlı kitablar və “Göyün yeddinci qatı” sərgi kataloqu təqdim edilib. Bundan əlavə, nəşrlər sırasında Azərbaycanın iki görkəmli rəssamı, heyrətamiz cütlük – Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgi kataloqu, Qərbi Azərbaycan xalçaçılıq sənətinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edən “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız”, o cümlədən Xalq rəssamı Kamil Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində muzeyin 3 dildə nəşri - Xalq rəssamının muzeyin kolleksiyasında qorunub saxlanılan eskizlərinin, onlar əsasında toxunan xalçaların fotoları, həmçinin bu dəyərli sənət əsərləri barədə məlumatların yer aldığı “Kamil Əliyev. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından” adlı kitab da var. Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyinin nəşri olan bu kitablar qorunub saxlanılan xalça və dekorativ sənət nümunələri ilə tanışlıq imkanı yaradır, eyni zamanda xalça sənətinin öyrənilməsi işində önəmli nüsxələrdəndir.