Azərbaycan Dillər Universitetinin tələbələri MEK-ə ekskursiya ediblər
29-03-23
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda istehsalat təcrübəsi keçən Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin (fransız dili və ədəbiyyatı üzrə) tələbələri Dünya ədəbiyyatı və komparativistika şöbəsinin elmi işçisi Mərcan Sofiyevanın rəhbərliyi ilə Mərkəzi Elmi Kitabxanaya (MEK) ekskursiya ediblər. MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova tələbələri MEK-in zəngin kitab fondu haqqında məlumatlandırıb. Azərbaycan kitabxana sistemində ilk olan “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə tanış edib. Ulu Öndər Heydər Əliyevin, Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərindən ibarət guşələri, “Zəfər Memarları”, “Biz Qalib Xalqıq!”, “Qarabağ Azərbaycandır!” başlıqlı stendləri tələbələrin marağına səbəb olub. Daha sonra tələbələr Xidmət şöbəsinin əməkdaşları Sədaqət Kazımova və Şəkər Gülməmmədlinin müşayiəti ilə “Akademiklər” zalında müxtəlif ölkələrin nümayəndələri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlərə baxıb, Sərgi salonu, AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereya, oxu və konfrans zalları, Nadir və qiymətli nəşrlər şöbəsi, həmçinin kitab fondları ilə tanış olublar.