Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb
19-04-24
Aprelin 18-də Aprel döyüşlərinin son şəhidi kəşfiyyat idarə rəisi polkovnik-leytenant Sənan Axundovun anım günü keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Sonra şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən şəhidin həyat yoldaşı Nəcibə Axundova Füzuli rayonunda doğulub boya-başa çatan, 14 yaşında doğma yurdundan didərgin düşən Sənan Axundovun daim torpaq nisgili çəkdiyini, hər zaman düşmənlə döyüşə can atdığını bildirib: “Sənan bizi tez-tez Horadizə aparardı. Orada hündür yerdə dayanıb o zaman düşmən tapdağındakı torpaqlara doğru baxar və deyərdi ki, biz o torpaqları geri qaytaracağıq. Oğlumuz Tahirin toyunu ata-baba yurdumda edəcəyəm. 2016-cı ilin mart-aprel aylarında düşmən təxribatlarının artması hərbçi yoldaşı kimi məni narahat edirdi. O isə deyirdi ki, mən nigaran deyiləm. Sənan Aprel döyüşlərindən sonra Lələtəpə istiqamətində bərkitmə işləri gördükdə, mövqelərimizin hansı vəziyyətdə olduğunu öyrənmək üçün ərazini yoxlamağa gedən zaman minaya düşən silahdaşını - polkovnik-leytenant Vüqar Əbdüləzimovu xilas edərkən özü də minaya düşərək ağır yaralanıb. Sənan Füzuli rayonunun ərazisindəki hərbi hospitala çatdırılır. Həkimlərin 5 saatlıq bütün cəhdlərinə baxmayaraq, onu ölümün pəncəsindən xilas etmək mümkün olmur. O, hərbi qayda-qanunların əksinə olaraq silahdaşını xilas etmək üçün minalı sahəyə girmişdi. Geridə qalan sevdiklərini, ailəsini düşünmədən əsl Azərbaycan kişisi kimi hərəkət etmişdi. Başlanğıcını Aprel döyüşlərindən götürən Zəfər yolumuz Şuşada, Xankəndidə sona çatdı. Əminəm ki, Sənanın özünün dediyi kimi ruhu daha nigaran deyil. Onun uğrunda canından keçdiyi torpaqlarımıza daha yağıların ayağı dəymir". Şanlı Zəfərin təməlinin Aprel döyüşlərindən qoyulduğunu bildirən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib: “Aprel döyüşləri bizə nə qədər güclü, nə qədər həmrəy olduğumuzu və necə qəhrəman nəsil yetişdiyini göstərdi. Biz 2016-cı ildən əmin idik ki, bundan sonra hansısa döyüş olsa, Sənan kimi oğulların sayəsində mütləq qalib gələcəyik. Müharibənin odunu-alovunu görən, hətta sadəcə dildən-dilə eşidən uşaqlar intiqam hissi ilə alışıb-yanırdılar. Sənanın uşaqlıqdan hərbiyə meyilli olması onun vətənpərvərlik ruhunun yüksəkliyindən, öz silahdaşını xilas etmək üçün minalı sahəyə atılması Azərbaycan hərbçisinin qorxmazlığından xəbər verir. Tarix boyu başımıza gələnlərin əsas səbəbi unutqanlığımız və düşməni dəfələrlə bağışlamağımızdır. Ona görə də yetişməkdə olan nəsli elə böyütməliyik ki, xalqımızın başına gətirilən müsibətlərdən agah olsun, ayıq-sayıqlığı itirməsin, qəhrəmanlarımızın döyüş yolunu ibrət götürsün. Odur ki, qəhrəmanlarımız haqqında filmlərin çəkilməsi, əsərlərin yazılması vacibdir. Qeyd etmək istərdim ki, tarixi Zəfərimiz qəhrəmanlarımız haqqında film və kitabların yalnız öz dilimizdə deyil, ingilis, rus dillərində beynəlxalq ictimaiyyətə təqdim edilməsi vacibdir. Biz öz Zəfərimizi, qəhrəmanlarımızı tanıtmalıyıq”. Tədbirdə çıxış edən Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov, şəhidin döyüş yoldaşı polkovnik-leytenant Vüqar Əbdüləzimov, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Aprel döyüşləri şəhidi Əbdülməcid Axundovun anası “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri Ceyran Axundova, jurnalist Aida Eyvazlı, təqaüddə olan polkovnik Mir Qiyas Rüstəmov, polkovnik-leytenant Bəxtiyar Məlik dördgünlük müharibənin Azərbaycan əsgərinin gücünün ifadəsi kimi tarixiləşdiyini bildiriblər. Onlar Aprel döyüşlərində qəhrəmanların açdığı Zəfər cığırı ilə irəliləyən Ordumuzun hərbi qulluqçularının şücaəti sayəsində hazırda Şuşada, Xankəndidə üçrəngli Bayrağımızın dalğalandığını qeyd ediblər. Çıxış edənlər Zəfərin hər zərrəsində payı olanların xidmətlərinin unudulmadığını, onların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini diqqətə çatdırıblar. Bədii hissə ilə davam edən tədbirdə B.Sultanov adına 34 nömrəli tam orta məktəbin şagirdləri və Həzi Aslanov adına ordu ideoloji və mədəniyyət mərkəzinin solistləri çıxış ediblər.