AMEA Mərkəzi Elmi Kitabxanası necə yarandı?
14-03-24
Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir. Ümummili lider Heydər Əliyev. Azərbaycan tarixinin müxtəlif mərhələlərində baş vermiş hadisələri elmi cəhətdən sübuta yetirmək üçün həmin dövrlə bağlı faktların üzə çıxarılması, ayrı-ayrı mülahizələrin müqayisəli şəkildə qarşılaşdırılması və ən doğru hesab edilən faktın elmi dövriyyəyə daxil edilməsi əsas metodlardan biridir. Bununla belə, tarixçilər hadisələrin xronoloji ardıcıllıqla sadalanmasından əlavə, hadisələrin nə üçün baş verdiyini, onların baş verməsinə hansı şəraitin təsir etdiyini, sonrakı nəticələrini və necə şərh edildiyini anlamağa çalışırlar. Çünki tarix həm faktları, həm də fikirləri özündə ehtiva edir. Bir çox tarixi faktlar ilkin mənbələr tərəfindən təsdiq edilir ki, onlar tədqiq olunan dövrdə yaradılmış sənədlərdən və digər növ maddi obyektlərdən ibarətdir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının təşkili və fəaliyyətə başlaması tarixi ilə bağlı ayrı-ayrı elmi əsərlərdə rast gəldiyimiz fərqli faktların dəqiqləşdirilməsinə, bu elm və bilik məbədinin yaradılması haqqında mövcud arxiv sənədlərinin üzə çıxarılmasına ciddi ehtiyac duyulur. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin hələ 20 aprel 2007-ci ildə imzaladığı "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncamda vurğulandığı kimi, "Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır". İndiyədək nəşr edilən elmi ədəbiyyatda haqlı olaraq vurğulandığı kimi, akademiyanın Mərkəzi Elmi Kitabxanasının əsası 1923-cü ildə yaradılan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Biblioqrafiya bürosunun fəaliyyətə başlaması ilə qoyulmuşdur. Ayrı-ayrı alimlərin müxtəlif mövqelərdən yanaşmaları bu tarixi faktın arxiv sənədləri əsasında araşdırılması zərurətini meydana çıxarır. Belə ki, respublikamızda kitabxanaşünaslıq elminin inkişafında mühüm xidmətləri olan professor Abuzər Xələfov "Azərbaycanda kitabxana işinin tarixi" adlı dərsliyinin II hissəsində bu faktı belə xarakterizə edir: "Cəmiyyətin nizamnaməsində təşkili zəruri hesab edilən kitabxananın əsası elə 1923-cü ilin dekabrında qoyuldu. Cəmiyyət yarandığı gündən onun təşəbbüskarları cəmiyyətin kitabxanasını yaratmaq işini ön plana çəkmiş, kitabxana üçün kitab toplamağa başlamışdılar... Bu kitabxananın yaranmasında 1924-cü ildə Cəmiyyətin tərkibində fəaliyyət göstərən Biblioqrafik büronun mühüm rolu olmuşdu... Biblioqrafik büroya professor A.B.Baqri rəhbərlik edirdi... Büro Cəmiyyətin kitabxanasının formalaşması sahəsində də ciddi iş aparırdı". Mərkəzi Elmi Kitabxananın fəaliyyətində özünəməxsus rolu olmuş sabiq direktor, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli də "Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar" adlı əsərində həmin faktı təsdiqləyərək yazır: "1924-cü ildə Cəmiyyətin nəzdində yaradılan Biblioqrafiya bürosu Mərkəzi Elmi Kitabxananın təşəkkülü üçün ilkin baza olmuşdur. 1925-ci ildə Cəmiyyətin ilk iclaslarının birində kitabxananın yaradılması haqqında məsələ qaldırılır, qərar qəbul edilir və Elmi Kitabxana rəsmi fəaliyyətə başlayır". Elmi Kitabxananın yaranması və fəaliyyətini tədqiq edən araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru Aypara Rüstəmova bu məsələdən bəhs edərkən yazır: "...Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin birinci ilində - 1923-cü ilin noyabr ayının 4-də Biblioqrafiya bürosu və noyabrın 18-də isə kitabxana təşkil olunması haqqında qərar qəbul edildi... Biblioqrafiya bürosuna rəhbərlik etmək ədəbiyyatşünas, biblioqraf professor A.V.Baqriyə tapşırıldı... Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Biblioqrafiya bürosu ilə yanaşı, təsis yığıncağında öz kitabxanasının da yaradılması haqqında məsələ qaldırır, lakin Rəyasət Heyəti tərəfindən hələlik kitabxananın yaradılması məqsədəuyğun sayılmır və Baş Siyasi Maarif İdarəsinin nəzdində olan Bakı kitabxanalarından birinin fondundan istifadə etmək üçün icazə verilməsi xahiş edilir. Cəmiyyətin 18 noyabr 1923-cü il tarixli iclasında İ.F.Blinov elmi müəssisələrin nəşrlərinin pulsuz olaraq əldə edilməsi, hətta lazım olan elmi əsərlərin pulla alınıb bir yerə yığılması və kitabxana təşkil edilməsi təklifi ilə məruzə etdi. Məruzəni dinləyən iclas respublikanın kitabsaxlayıcılarından alınan, elmi idarələrin nəşrlərindən mübadilə olunan kitabları və əlyazmaları bir yerə toplayıb öz xüsusi kitabxanasının yaradılması haqqında qərar etdi". Hər üç dəyərli alimimizin fikirlərinə dərin hörmət və ehtiramımızı bildirərək biz də Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzində apardığımız araşdırma nəticəsində üzə çıxardığımız tarixi sənədlərə əsaslanmaqla bəzi dəqiqləşdirmələrin aparılmasına ehtiyac duyulduğu qənaətinə gəldik. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Müvəqqəti Şurasının 4 noyabr 1923-cü il tarixində keçirilən iclasının makinada rus dilində yazılmış 2 nömrəli jurnalında (protokolunda) Cəmiyyətin strukturu ilə bağlı qoyulan ikinci məsələ Biblioqrafiya Komissiyasının fəaliyyəti haqqında prof. A.Baqrinin məruzəsi olmuşdur. Sənəddə deyilir: "Cəmiyyətin Şurasının nəzdində prof. A.Baqrinin başçılığı ilə Biblioqrafiya bürosu yaradılsın və təşkilati məsələlər ona həvalə edilsin". Həmin protokolun 7-ci bəndi isə "Cəmiyyətin kitabxanası haqqında" adlanır. Bu məsələ ilə əlaqədar aparılmış müzakirənin qərarında deyilir: "Baş Siyasi Maarif İdarəsindən xahiş olunsun ki, Şura və bölmələrə Bakı şəhər kitabxanalarının birindən istifadə edilməsinə icazə versin". 19 avqust 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Mərkəzi Şurası Rəyasət Heyətinin iclasında Biblioqrafiya bürosunun işi haqqında məsələyə bir daha baxılır. İclasda Şahbazi sədr, Zifeldt isə katib seçilir. Maraqlıdır ki, iclasın 1 №-li protokoluna əsasən gündəlik məsələdə büronun adı "Kitabxana-Biblioqrafiya bürosu" kimi göstərilir, onun fəaliyyəti barədə Zifeldtin məruzəsi dinlənilir. Eyni zamanda bu məruzənin müzakirəsi zamanı Cəmiyyətin Mərkəzi Şurası Rəyasət Heyətinə Biblioqrafiya Bürosu və Kitabxana məsələsini həll etməyi tapşırır. Məruzədə deyilir ki, Cəmiyyətin kitabxanası sırf biblioqrafik iş olan kataloqlaşdırmanı həyata keçirdiyinə görə Biblioqrafiya bürosu ilə onun işində paralellik yaranır. Ona görə də Kitabxana ilə Biblioqrafiya Bürosunun işi birləşdirilməlidir. Beləliklə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının əsasının 1923-cü il noyabr ayının 4-də Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nəzdində yaradılan Biblioqrafiya bürosunun bazası əsasında qoyulması ilə bağlı mülahizələr konkret sənədlərlə özünü doğrultmur. Çünki Biblioqrafiya bürosunun üzərinə kitabxana funksiyasını yerinə yetirmək missiyası qoyulmamış, bu qurum haqlı olaraq Azərbaycan biblioqrafiyasının hazırlanması vəzifəsi ilə məşğul olmuşdur. Bununla yanaşı, həmin il noyabrın 18-də kitabxananın təşkil olunması haqqında qərar qəbul edilsə də, bu məqsədlə xeyli kitab toplansa da, sözün həqiqi mənasında kitabxananı yaratmaq mümkün olmamış, bu iş yalnız 19 avqust 1925-ci ildən gerçəkləşməyə başlamışdır. Fikrimizcə, arxiv sənədləri əsasında belə bir nəticə daha məqsədəuyğun hesab edilməlidir ki, 19 avqust 1925-ci ildə əsası qoyulmuş Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının - bu nüfuzlu elm və təhsil məbədinin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması elmi ictimaiyyətin və kitabxana əməkdaşlarının çox böyük sevincinə səbəb olar. Şəhla TAHİRQIZI Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktor müavini, filologiya üzrə fəlsəfə doktoru