AMEA-da elektron xidmətlərə həsr olunmuş müşavirə keçirilib

15-05-24

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə Akademiyada elektron xidmətlər sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirəni giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın dünya elmi ilə rəqabət apara biləcək səviyyədə fəaliyyətini təşkil etmək və dünya elmi məkanına inteqrasiyasına nail olmaq üçün qısa müddətdə Akademiyada müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb. Akademiyada elektron xidmətlər sahəsində elektron sənəd dövriyyəsinin texniki təminatı və təhcizatı məsələlərinin həlli istiqamətində əhəmiyyətli addımların atıldığını vurğulayan akademik İsa Həbibbəyli AMEA-da elmmetrik göstəricilərin qiymətləndirilməsi, elektron resursların hazırlanması layihələri, həmçinin beynəlxalq elmi bazalarda alimlərimizin istinad göstəriciləri ilə bağlı məsələlərə də toxunub. Elmmetrik bazalarda AMEA əməkdaşlarının profilllərinin yaradılması işində əhəmiyyətli nəticələrin əldə olunduğunu deyən AMEA rəhbəri bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, artıq 3 elmi jurnal TÜBİTAK-ın Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) DərgiPark bazasına daxil edilib və həmin jurnallar TR Dizin reytinqli nəşrlər sırasında yer almaqdadır. “Akademiya süni intellekt sahəsində dünya təcrübəsini mənimsəməli, tətbiqi ilə bağlı işlərə başlamalıdır. Bu yöndə inkişaf bizim prioritetimizdir. Süni intellektin humanitar və ictimai elmlər sahəsinə, eləcə də idarəetməyə tətbiqi işində dünya təcrübəsini öyrənmək hədəfimizdir”, - deyə akademik İsa Həbibbəyli bildirib. Akademik İsa Həbibbəyli hazırkı mərhələdə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək, tərəfdaşlarla konkret layihələr üzərində işləmək, süni intellekt və rəqəmsal inkişafı prioritetə çevirmək, süni intellektin humanitar və ictimai elmlərə tətbiqi mexanizmlərini öyrənmək, robot texnologiyasını modernləşdirmək kimi məsələlərin də AMEA-nın diqqət mərkəzində olduğunu vurğulayıb. AMEA rəhbəri bu istiqamətdə Milli Aviasiya Akademiyası ilə qarşılıqlı əməkdaşlıq məqsədilə Anlaşma Memorandumunun imzalanmasının nəzərdə tutulduğunu bildirib. Akademik İsa Həbibbəyli MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynova elektron xidmətlər, elmi profillər yaratmaq, inkişaf etdirmək, bu sahədə problemlərin müəyyən edilməsi və davamlı işin qurulması üçün ixtisaslı mütəxəssislərin fəaliyyətinin artırılması ilə bağlı müvafiq tapşırıqlarını verib. MEK direktoru öz növbəsində tapşırıqların qısa müddət ərzində effektiv və keyfiyyətli icrası üçün zəruri tədbirlərin görüləcəyinindən əminliyini ifadə edib. Sonra müşavirədə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin robot texnologiyaları sahəsində fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə edilib. Tədbirdə “Elektron Akademiya” şöbəsi tərəfindən hazırlanmış “Humanoid SUFİ” (Sözlərin Üniversal Funksionallıqla İşlənilməsi) adlı robotun təqdimatı olub.