17 fevral şairə Mədinə Gülgünün xatirə günüdür

17-02-23

Bu gün, fevralın 17-si Azərbaycan şairəsi Mədinə Gülgünün xatirə günüdür. Tanınmış şairə, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda anadan olub. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçüb. Ərdəbil və Təbriz şəhərlərində yaşayıb, orada milli demokratik hərəkata qoşulub. Cənubi Azərbaycanda milli hökumət yarandığı dövrdə Təbriz Dram Teatrında, “Azərbaycan” qəzetində, Təbriz Qadınlar Klubunda çalışıb. Milli-azadlıq hərəkatının geniş vüsət aldığı və İkinci dünya müharibəsi dövründə ədəbiyyata gələn Mədinə Gülgünün ilk şeirləri xalqın həyatı və mübarizəsi ilə bağlı idi. Vətən sevgisi, azadlıq həsrəti onun yaradıcılığının əsas leytmotivini təşkil edib. Mədinə Gülgünün onlarca şeir kitabı dərc olunub və bir sıra xarici dillərə tərcümə edilib. AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarında tanınmış şairənin əsərlərindən ibarət çoxlu sayda kitablar qorunur. Həmin kitablardan “Seçilmiş əsərləri”, “Arzu bir ömürdür”, “Dənizin sahili var”, “Dünya şirin dünyadır”, “Dünyamızın sabahı”, “Yadigar üzük”, “Kəpənəkli, çiçəkli misralar...”, “Könlümü ümidlər yaşadır”, “Günlər və xatirələr”, “Mən bu ömrü yaşadım”, “Ömrün payız dayanacağı”, “Savalanın ətəklərində”, “Təbriz qızı” və digərlərin adlarını çəkmək olar. Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub