14 yaşlı gənc yazarın ingilis dilində yazdığı ilk kitabı MEK-ə daxil olub

07-06-23

AMEA Mərkəzi Elmi Kitabxanasına “Həqiqəti gizlədən yalanlar” adlı kitab daxil olub. Kitabın müəllifi 9-cu sinif şagirdi Leyla Xəlilzadədir. İstedadlı gənc, maraqlı obrazların yer aldığı və fantaziya ilə zəngin ilk kitabını 12 yaşında ingilis dilində yazıb. Daha sonra əsər Azərbaycan dilinə tərcümə olunaraq kitab kimi çap edilib. Gənc yazarın bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün məhsulu olan əsər 22 fəsildən ibarətdir. Kitab “Həyata dönüş”, “Təbəssümlər və yalanlar”, “Keçmişdən bu günə”, “Səbir açardır”, “Daş və şayiə”, “Yeni cığır”, “Gözlərdəki yalvarış”, “Keçmiş sirlərin gizli həqiqəti” sərlövhəli fəsillərdən ibarətdir. “Həqiqəti gizlədən yalanlar” kitabı 20 yaşlı fövqəl bacarıqlara malik Pörl adlı bir qızın macəra dolu həyatından bəhs edir. Pörl təzyiqlərlə üzləşərək istəmədiyi missiyanı illərlə yerinə yetirmək məcburiyyətində qalır. Ancaq “xilaskarları”nın sayəsində sonda həmin missiyanı yerinə yetirməkdən canını qurtarır. Pörlün həm güclü və sadiq əhatəsi, həm də çox təhlükəli düşmənləri var və daim həyəcan dolu hadisələrlə üz-üzə qalır. Leyla Xəlilzadə 2008-ci il martın 23-də Bakıda anadan olub. Hazırda Bakıda fəaliyyət göstərən Dünya Məktəbində ingilis dili bölməsi üzrə 9-cu sinifdə oxuyur. Çoxsaylı məktəbdaxili, eləcə də beynəlxalq müsabiqə və yarışlarda, bilik olimpiadalarında fəal iştirak edən Leyla bir çox diplom və sertifikatlar qazanıb. Gənc həvəskarın qələmə aldığı ilk kitabın ingilis və Azərbaycan dillərində nüsxələri Mərkəzi Elmi Kitabxana oxucularının istifadəsinə təqdim edilir.