Kolleksiyalar

95 illik tarixə malik AMEA Mərkəzi Elmi Kitabxananın fondunu bir sıra unikal nəşrlər, kolleksiyalar zənginləşdirir. 2016-cı ildə AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin təşəbbüsü ilə AMEA-nın Naxçıvan bölməsinin nəşrlərindən ibarət yeni bir kolleksiya da MEK-in çoxsaylı kolleksiyaları sırasına qatıldı. Elmin inkişafını daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan AMEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında 1003 №-li tarixi sərəncam imzalamışdır. Qeyd olunan sərəncama müvafiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 elmi tədqiqat institutu–Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; Təbii Ehtiyatlar İnstitutu; Bioresurslar İnstitutu; Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının tarixini əhatə edən kolleksiya 5 minillik tarixə malik, Azərbaycanın ayrılmaz tərkib hissəsi, Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biri olan,”dünyanın naxışı”, “dünyanın bəzəyi” adlandırılan Naxçıvan haqqında müfəssəl və dəqiq məlumatlarla zəngindir. Qeyd etmək lazımdır ki, bu kolleksiyaya daxil olan ədəbiyyat əsasən Naxçıvanın tarixi, təbiəti, coğrafiyası, ümumiyyətlə, bütün sahələri haqqında mükəmməl və dəqiq məlumat verən tədqiqat əsərləridir və əksəriyyəti də ilk və ya yeni aspektdə tədqiq olunan mövzulara həsr olunub. Bölmənin 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələr ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvanın folkloru antologiyası”, 2 cilddə Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”,(üç dildə) “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas kimi fundamental nəşrləri kolleksiyanın incilərindəndir. Naxçıvan haqqında tədqiqat işi aparan alimlərə, Naxçıvanla maraqlanan oxuculara ən gözəl məlumat mənbəyi olacaq kolleksiyadan istifadə də operativ və yüksək səviyyədə təşkil olunub. Kolleksiya yeni nəşrlərlə zənginləşməkdədir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə  Naxçıvan MSSR -in Şərur rayonunun Danzik kəndində anadan olmuşdur.  Azərbaycan Dövlət Pedaqoji İnstitutu  Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür.  Azərbaycan Yazıçılar Birliyi  və  Azərbaycan Jurnalistlər Birliyinin  üzvüdür. Əməkdar elm xadimidir. 1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən  Naxçıvan Dövlət Universitetində  müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır. 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  deputatı olmuşdur. III, IV və V çağırış Azərbaycan Milli Məclisinin millət vəkili olmuşdur. Hal-hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2022-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidenti seçilmişdir. İsa Həbibbəyli 89 kitabın, 1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir. O, 29 elmlər namizədi, 4 elmlər doktorunun elmi rəhbəri olmuşdur.Müəllifin kitabları ingilis, fransız, rus, türk, ərəb, fars, urdu, bolqar və macar, litva və b. dillərində çap olunmuşdur. Onun kolleksiyası 8 fevral 2022-ci ildə şəxsən özü tərəfindən kitabxanaya hədiyyə verilmişdir. Müəllifin kolleksiyasında 698 ədəbiyyat var.

Fəlsəfə elmləri doktoru Məmməd Əliyev 1962-ci il sentyabr ayının 18-də Bakı şəhərində ziyali ailəsinda anadan olub. 1969 – 1979 cu illərdə Bakı şəhərinin Nəsimi rayonundakı 16 nomrəli məktəbdə oxuyub və əla qiymətlərlə bitirib. 1980–1985-ci illərdə S.M.Kirov adina Azərbaycan Dövlət Universitetinin (indiki  Bakı Dövlət Universiteti ) filologiya fakültəsində təhsil alıb. 1985-ci ildən Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki  Bakı Slavyan Universiteti ) müxtəlif vəzifələrdə — Fəlsəfə kafedrasında laborant, baş laborant, müəllim,  dosent , elmi katib, kafedra müdiri, elmi işlər üzrə  prorektor  vəzifələrində çalışıb. 2005-ci ildən 2012-ci illərədək Bakı Slavyan Universitetində Elmi işlər üzrə prorektor vəzifəsində çalışıb.  2015-ci ildən Bakı Slavyan Universitetin Beynəlxalq münasibətlər kafedrasinin müdiri və həmin  kafedranın  professoru olub. 2017- ci ildə professor Məmməd Əliyev  Azərbaycan Dillər Universitetində  "Rusiyaşünaslıq mərkəzi" Elmi – tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb. Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur. Azərbaycan Dillər Universitetinin rektoru akademik  K.M.Abdullayevin  təşəbbüsü ilə 2017-ci ildə yaradılmış "Rusiyaşünaslıq" elmi - tədqiqat laboratoriyası ölkəmizdə Rusiyanın sosial- tarixi, mədəni-tarixi və ictimai-siyasi faktoru kimi araşdırmalar aparan yeganə mərkəzdir. Elmi — tədqiqat laboratoriyası Moskva Dövlət Linqvistik Universiteti,  Rusiyanın Birinci Prezidenti  Boris Yeltsin adına Ural Federal Universiteti, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı və Minsk Dövlət Linqvistik Universiteti ilə əməkdaşlıq edir. 20 noyabr 2020-ci il tarixindən etibarən  Azərbaycan Milli Elmlər Akademiyasının  Rəyasət Heyətinin №18/6 qərarı ilə Məmməd Əliyev  Mərkəzi Elmi Kitabxananın  direktoru vəzifəsinə təyin edilib. 30 aprel 2021-ci il tarixindən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin №11/10 qərarı ilə kitabxananın baş direktor vəzifəsinə təyin edilib. Məmməd Əliyevin Kolleksiyası 1 noyabr 2021-ci ildə kitabxanaya şəxsən özü tərəfindən hədiyyə verilmişdi. Kolleksiyada 438 ədəd müxtəllif dillərdə ədəbiyyat mövcuddur.

Rudolf Nikolayeviç İvanov 18 may 1931-ci ildə Rusiyanın Pyatiqorsk şəhərində anadan olmuşdur. Professor, Böyük Vətən müharibəsi veteranı, Rusiya Jurnalistlər və Yazıçılar İttifaqlarının üzvü, Azərbaycanın “Dostluq” ordeni kavaleri, AMEA Tarix İnstitutunun fəxri professoru, Naxçıvan Dövlət Universitetinin fəxri doktoru, BMT-nin “Dünya informasioloqlar elitası” beynəlxalq mükafatı laureatı, rus qafqazşünası Rudolf İvanov 1960-cı ildə Moskva Energetika institutunu və aspiranturanı bitirir. Dosent, professor, Reproqrafiya kafedranın müdiri, Ümumittifaq Elmi tədqiqat institutunun 1-ci direktor müavini, birgə Sovet–İngiltərə “Reprosetr” mərkəzinin direktoru R.İvanov informasiya vasitələri yaradılması sahəsində, reproqrafiya sahəsində böyük əmək sərf etmiş, SSRİ-də birinci ictimai surətçıxarma mərkəzinin yaradıcısı olmuşdur. Qeyd edək ki, rusiyalı tarixçi 2009-cu ildə Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub. Рrofessor Rudolf İvanov 28 kitab, 200-dən artıq tarixi məqalə və oçerklərin müəllifidir. Rudolf İvanovun kolleksiyası 2012- ci ildə H.Əliyev fondu tərəfindən hədiyyə olunub. Kolleksiya 209 nüsxə ədəbiyyatdan ibarətdir. Hədiyyə olunmuş kolleksiyada elmi araşdırmalarında istifadə etdiyi materiallar kitabxana tərəfindən cildlənilmiş, oxucuların ixtiyarına verilmişdir. Hal-hazırda MEK Humanitar və İctimai elmlər bölməsinin yardımçı fondunda yerləşdirilən bütün sənədlər rus dilindədir. R. İvanovun elmi nəzəri araşdırmalarının çoxu Rusiyanın, Qafqazın tarixi və ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunub.

Professor, həkim Aleksandr Umnyaşkinin kolleksiyası özü tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 341 nüsxə ədəbiyyatdan ibarətdir. Kolleksiyada olan kitablardan 21-i Azərbaycan dilində, 26-sı ingilis, qalanları rus və digər dillərdədir. Müxtəlif elm sahələrini əhatə edən kolleksiyanın tərkibində Azərbaycanın mədəniyyətini, tarixini, ədəbiyyatını, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığını əks etdirən dəyərli kitablar vardır. Bu kitablar elektron kataloqa daxil edilməklə yanaşı, Mərkəzi Elmi Kitabxananın layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına da salınıb. Nümunə olaraq Çingiz Qacarın “Azərbaycan qədim və orta əsrlərdə”, ”Görkəmli şəxsiyyətlər”, Mirzə Ələkbər Sabirin “Hophopnamə”, E.K.Sepp, M.B.Suker, E.V.Şmidttin “Nervnıe bolezni”, Sara Aşurbəylinin “Очерк истории средневекового Баку” kitablarını göstərə bilərik. Qeyd edək ki, 1962-ci ildə anadan olan Aleksandr Aleksandroviç Umnyaşkin 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun “Müalicə Profilaktikası” fakültəsini bitirmiş, əmək fəaliyyətinə Maştağa qəsəbəsində yerləşən ruhi xəstəxanada başlamışdır. Daha sonra Ağ Ciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda direktor müavini kimi fəaliyyətini davam etdirmiş, 1990-cı ildə Moskvada namizədlik dissertasiyasını, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildə professor elmi dərəcəsinə layiq görülərək, uzun müddət Azərbaycan Respublikası Səhiyyə Nazirliyində beynəlxalq əlaqələr üzrə idarə rəisi vəzifəsində işləmişdir. Bütün bu nailiyyətləri ilə kifayətlənməyən alim öz elmi fəaliyyətini başqa bir istiqamətdə davam etdirərək 2000-ci ildə Xarici Dillər Universitetinin Filologiya fakültəsinin “Fransız və Alman dillərinin filologiyası” ixtisası üzrə təhsil almış, 2014-cü ildə isə Tacikistanın paytaxtı Düşənbə şəhərində “Azərbaycan-İran dillərinin somatik leksikası” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.

Azərbaycanın əməkdar rəssamı, kino rəssamı, miniatürçü-rəssam Elçin Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. O, kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyalarının müəllifidir. Elçin Aslanov 1982-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının “Miniatür və kitab qrafikası” bölməsinə rəhbərlik edib. 2002-ci ildə əməkdar rəssam fəxri adına layiq görülüb. Elçin Aslanovun kolleksiyası 2018-ci ildə Azər Əhmədbəyli tərəfindən MEK-ə hədiyyə olunub. 126 nüsxə sənəddən ibarət kolleksiyada Azərbaycan, rus və başqa dillərdə kitablar yer alıb. Humanitar elmlər üzrə yardımçı fondda mühafizə olunur.

Arxeologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Qara Əhmədovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Qara Məhəmməd oğlu Əhmədov 1928-ci ildə arxeoloji abidələrlə zəngin Qəbələ rayonunun Çarxana kəndində sadə faytonçu ailəsində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 1944-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmuş, 1949-cü ildə universiteti bitirdikdən sonra aspiranturaya daxil olmuşdur. 1949-cu ildə Q.Əhmədovun ilk elmi əsəri- “Azərbaycanda Yalolutəpə” adlı məruzənin tezisləri çap edilmişdir. Qara müəllim 1952-ci ildən AMEA-nın Tarix institunda əmək fəaliyyətinə başlamış və ömrünün sonuna kimi baş laborantdan bölmə rəhbərinədək müxtəlif vəzifələrdə çalışmışdır. 1958-ci ildə keçmiş SSRİ EA Arxeologiya İnstitunun Leninqrad bölməsinin ixtisaslaşdırılmış Elmi Şurasında Örənqala qazıntılarının materialları əsasında “Azərbaycanın IX-XIII əsrlər şirsiz məişət keramikası” mövzusunda dissertasiya işi müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Qara Əhmədov Azərbaycanın orta əsr şəhərlərinin öyrənilməsinə xüsusilə böyük qüvvə sərf etmişdir. 1972-ci ildə “Beyləqan orta əsr şəhəri” mövzusunda dissertasiya müdafiə edərək Azərbaycanda doktor elmi dərəcəsi alan ilk arxeoloq olmuşdur. 1979-cu ildə monoqrafiya kimi nəşr olunan bu tədqiqat əsəri 20 ildən artıqdır ki, arxeoloqların stolüstü kitabçasıdır. Q.Əhmədov Azərbaycan arxeologiya elmini Ümumittifaq və beynəlxalq konfranslarda layiqincə təmsil edirdi. Onun Moskva, Leninqrad, Kiyev, Tbilisi, Səmərqənd, Alma-Ata və digər şəhərlərdə keçirilən elmi məclislərdə məruzələri böyük maraqla qarşılanırdı. Qara müəllim arxeoloji abidələri tədqiq və təbliğ etməklə yanaşı onların qorunması qayğısına qalırdı. O, Respublika Tarix və mədəniyyət abidələrinin mühafizəsi cəmiyyətinin arxeoloji bölməsinə rəhbərlik etmişdir. 1959-1968-ci illərdə Örənqala, 1973-cü ildən son vaxtlara qədər Qəbələ arxeoloji ekspediyasının rəisi olmuş, 20 il Arxeologiya və Etnoqrafiya sektorunun Elmi şurasına rəhbərlik etmişdir. 2002-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Qara Əhmədov 2003-cü ildə vəfat etmişdir. Q.Əhmədovun “Bu günə necə gəlib çıxmışıq”, “Qədim Beyləqan”, “Qəbələ” tarixi-arxeoloji əsərləri bu gün də tarixçi-arxeoloqların müraciət etdiyi tədqiqat əsərləridir. Kolleksiyaya professor Qara Əhmədovun sıx əlaqədə olduğu Gürcüstan arxeoloqlarının tədqiqat əsərləri, həmçinin iştirak etdiyi konfranslarda, sessiyalarda həmkarları tərəfindən ona hədiyyə edilmiş müxtəlif dillərdə kitablar da daxildir. Kolleksiyada 102 nüsxə ədəbiyyat mühafizə olunur və qızının təqdim etdiyi yeni mənbələrlə zənginləşir.

Kasumov Rüfət Məmməd oğlu 11 oktyabr 1944-cü ildə Bakı şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. 1967-1992-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat iqtisad institutunda işləyib. 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alıb. 1992-ci ildən 2017-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında dosent vəzifəsində çalışıb. 2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının professorudur. 215-dən artıq elmi-metodiki əsərin və 250-dən çox çap əsərinin müəllifidir. İqtisad elmlər doktoru Rüfət Kasumovun kolleksiyası özü tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 404 nüsxə ədəbiyyatdan ibarətdir. Bunlardan 50 nüsxə Azərbaycan dilində, 193 nüsxə rus dilində, 161 nüsxə xarici dillərdədir. Kolleksiyaya daxil olan kitablar mövzu baxımından olduqca zəngindir. İqtisadiyyat, turizm, bank işi, kompüter elmləri, islam dininə aid kitablar kolleksiyanın incilərindəndir.

İmran İsmayıl oğlu Məmmədov 1927-ci ildə Gürcüstan SSR-in Borçalı qəzasının Qaçağan kəndində dünayaya gəlib. Uşaqlığı və bütün ömrü Qaçağan kəndində keçmişdir. Gəncliyindən təqaüd yaşına qədər Qaçağan “Kommunizm”, sonra isə Qaçağan Dövlət Südçülük-Tərəvəzçilik Təsərrüfatında işləmişdir. Gürcüstan SSR-in Marneuli rayonu Qaçağan kəndində vəfat etmiş və Qaçağan kənd məzarlığında dəfn edilmişdir. Sosialist Əməyi Qəhrəmanı, Gürcüstan SSR ictimai xadimi, yeni tütün sortunun yetişdirilməsi üzrə mütəxəssis, SSRi-nin “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri laureatı İmran Məmmədovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub və 552 nüsxə ədəbiyyatdan ibarətdir. Azərbaycan və rus dillərində olan ədəbiyyatın əsas hissəsi bədii ədəbiyyat və ədəbiyyatşünaslıqla bağlı əsərlərdir.

Professor Seyidağa Onullahi 26 avqust 1925-ci ildə İranın Astara şəhərində anadan olmuş və orta məktəbi fars dilində bitirmişdir. O, 1945-46-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmiş və “21 Azər” medalı ilə təltif olunmuşdur. Milli hökumətin süqutundan sonra mühacirət etməyə məcbur qalaraq Azərbaycana pənah gətirmiş S.Onullahi 1952-ci ildə Gəncədə Zərdabi adına Pedaqoji İnstitutun tarix fakültəsini bitirmiş, Ağstafada dərs hissə mudiri, direktor vəzifələrində çalışmışdır. 1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olaraq, 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1985-ci ildə isə professor titulunu almışdır. 1962-ci ildən AMEA-nın Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsində kiçik, baş və aparıcı elmi işçi vəzifələrində çalışmış S.Onullahi 2001-ci ildən ömrünün sonuna kimi BDU-nun “Azərbaycanın qədim və orta əsrlər tarixi” kafedrasının müdiri vəzifəsində işləmişdir. Onun elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün başlıça problemlərinin araşdırılması ilə bağlı olmuşdur. Bir neçə monoqrafiyanın və 100-dən artıq elmi məqalənin müəllifi olmuş professor 2004-cü ildə Bakıda vəfat edib. Tarix üzrə elmlər doktoru, şərqşünas, professor Seyidaga Onullahinin kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Əsasən tarix, ədəbiyyat, coğrafiya və digər ixtisas sahələrinə aid mənbələrin daxil olduğu kolleksiya MEK-in humanitar elmlər üzrə yardımçı fondunda mühafizə olunur. Kolleksiyadan bir çox kitab məzmun və xarakterinə görə MRY bazasına daxil edilib. “Füyuzat ədəbi məktəbi”, Ziya Bünyadovun redaktorluğu ilə ərsəyə gələn “Историческая география Азербайджана”, M.Nemətovanın müəllifi olduğu “Мемориальные памятники Азербайджана”, xalq rəssamı Lətif Kərimovun “Азербайджанский ковер”, Türk-Oğuz ədəbi qəhrəmanlıq dastanı olan “Dədə Qorqud”, Məşrutə hərəkatını əks etdirən “Sərdari milli Səttərxan”, Mircəfər Pişəvərinin “Seçilmiş əsərləri”, tədqiqatçı Səməd Sərdarniyanın “İrəvan - bir müsəlman vilayəti idi” və s. əhəmiyyətli kitablar bu qəbildəndir.

Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Abbas Zamanovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub, 2417 nüsxə ədəbiyyatdan ibarətdir. Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır (1921-1927). Bakı pedaqoji texnikomunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmış (1929-1937), iki il də “Gənc işçi” qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir (1933-1934). Sonra “Ədəbiyyat” qəzetində məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir (1937-1939) olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirmişdir. Opera teatrının və filarmoniyanın direktoru (1940-1941) olmuşdur. M.F.Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik etmişdir (1941). İkinci dünya müharibəsi illərində ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948-1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960-1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968-1971), ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979) vəzifələrində çalışmışdır. Universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olmuşdur (1979-cu ildən). Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlamışdır. Həmin vaxtdan Azərbaycanda və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri müntəzəm dərc olunmuşdur. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə məqalələri çıxmışdır. “Sabir və müasirləri” monoqrafıyası Əsəd Behrənginin tərcüməsində Təbrizdə, “Cəlil Məmmədquluzadə” oçerki Ələkbər Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəşr olunmuşdur. Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971), Konya və Səlcuq Universitetlərinin (Türkiyə) fəxri doktoru seçilmişdir. Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərmiş, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli, S.Ə.Şirvani, S.M.Qənizadə və Q.Zakirin əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirmişdir. O, M.Ə.Sabir, Cavid haqqında xatirə və məqalələri toplayıb ön sözlə “Sabir xatirələrdə” (1982) və “Cavidi xatırlarkən” (1982) adı ilə kütləvi tirajla çap etdirmişdir. 1-ci dərəcəli “Vətən müharibəsi” ordeni, döyüş xidmətlərinə görə medalı və bir sıra digər medallarla təltif edilmişdir. 1993-cü il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. A.Zamanovun kolleksiyasında əsasən ədəbiyyatşünaslıqla bağlı materiallar üstünlük təşkil edir.

İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Quliyev 1935-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı institutuna qəbul olunmuş, 1957-ci ildə qırmızı diplomla bitirmişdir. 1960-1963-cü illərdə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, 1963-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.1992-ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülmüş və “Çöhrət” ordeni ilə təltif olunmuşdur. Tofiq Quliyevin “Əməyin iqtisadiyyatı”, “Əməyin elmi təşkili”, “İdarəetmənin əsasları”, “Menecmentin əsasları”, “Əməyin sosiologiyası” monoqrafiyaları Azərbaycan iqtisad elminə böyük töhfədir. İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Quliyevin 58 nüsxə sənəddən ibarət kitab kolleksiyası AMEA Mərkəzi Elmi Kitabxanasına alimin özü tərəfindən təqdim edilib. Professorun kitabları MEK tərəfindən mübadilə yolu ilə Türkiyə, Fransa, İtaliya, Almaniya və s. ölkələrin kitabxanalarına, Amerikanın Konqres, Harvard Universiteti kitabxanalarına, bu ölkələrin elm-təhsil müəssisələrinə göndərilib. MEK tərəfindən T.Quliyev haqqında Vikipediyada səhifə yaradılıb, onun həyat və yaradıcılığı ilə bağlı faktlar bu səhifədə yerləşdirilib.

Azərbaycanın əməkdar rəssamı, kino rəssamı, miniatürçü-rəssam Elçin Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. O, kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyalarının müəllifidir. Elçin Aslanov 1982-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının “Miniatür və kitab qrafikası” bölməsinə rəhbərlik edib. 2002-ci ildə əməkdar rəssam fəxri adına layiq görülüb. Elçin Aslanovun kolleksiyası 2018-ci ildə Azər Əhmədbəyli tərəfindən MEK-ə hədiyyə olunub. 126 nüsxə sənəddən ibarət kolleksiyada Azərbaycan, rus və başqa dillərdə kitablar yer alıb. Humanitar elmlər üzrə yardımçı fondda mühafizə olunur.

Misir Mərdanov 1946-cı il  oktyabrın 3-də  Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuş, 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirmişdir. 1973 cü il  28 sentyabr  SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, 1973–1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ dərsləri aparmış, mühazirə oxumuş və eyni zamanda Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr aparmışdır. 1997–2001-ci illərdə Bakı Dövlət Universitetində Riyaziyyat üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olmuşdur. 1998 -ci ilin martından 2013-cü il aprelin18-nə qədər Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləmişdir. 2013-cü ilin mayından AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru olmuşdur. 2014-cü il  оktyabrın 28- dən  pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. “Azerbaijan journal of Mathematics” jurnalı redaksiya heyətinin üzvü, “AMEA Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalının baş redaktoru, “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının beynəlxalq redaksiya heyətinin,“Чебышевский сборник” jurnalının beynəlxalq redaksiya heyətinin üzvüdür. O, riyaziyyat üzrə bir elmlər doktorunun elmi məsləhətçisi olmuş və yeddi nəfər fəlsəfə doktoru hazırlamışdır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına riyaziyyat üzrə müxbir üzv seçilmişdir. MisirMərdanov "Azərbaycan təhsil tarixi" fundamental dördcildliyin, "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" adlı fundamental çoxcildliyin, təhsillə bağlı 10 kitabın və 120 məqalənin müəllifidir. Misir Mərdanov riyaziyyata aid beş monoqrafiyanın, 150 məqalənin (onlardan 40-ı Clarivateanalyticsin siyahısında olan jurnallarda çap olunub), orta məktəblər üçün 20 dərslik və dərs vəsaitinin, ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı 64 məqalənin müəllifidir. Müəllifin kolleksiyası kitabxanaya 4 noyabr 2019-cu ildə daxil olub. Müəllifin özü tərəfindən 17 ədəbiyyat hədiyyə verilib.

Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. Doğma kəndlərində 7 illik məktəbi bitirdikdən sonra yeniyetmə Xudu rayon mərkəzindəki orta məktəbdə təhsil alır. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olur. 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə AMEA-nın Kimya İnstitutunda əmək fəaliyyətinə başlayır. Çox keçmir ki, o, dəqiq elmlər üzrə nəinki respublikamızda, keçmiş Sovet İttifaqı məkanında ən istedadlı tədqiqatçı kimi tanınır. X. Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. İctimai-siyasi xadim, professor, Geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədovun kolleksiyası 2008-ci ildə ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. 666 nüsxə ədəbiyyatdan ibarətdir. Burada kimyaya, ədəbiyyata, demək olar ki, bütün elm sahələrinə aid kitablar tapmaq olar. Kolleksiyada Azərbaycan dilində 21 nüsxə ədəbiyyatdan N. Gəncəvinin 1981-ci ildə nəşr olunmuş “Xəmsə”, 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”, “Baburnamə”, Xaqani Şirvaninin “Seçilmiş əsərləri”, “Ərəb və fars sözləri lüğəti”, kristalloqrafiya elminə aid vəsait və digər elm sahələrinə aid kitabları misal göstərmək olar. Müəllifin kolleksiyasında kitabların əksəriyyətini rus dilində olan kitablar təşkil edir. Bunlardan “Svod tadjikskoqo folklora”, M. Qorkinin 1950-1958-ci illərdə nəşr olunmuş 24 cildli əsərlərinin külliyyatı, Q. İbsenin, Romen Rollanın əsərləri, A.P.Çexovun 1954-57-ci illər arasında nəşr olunmuş 12 cildlik əsərlərinin külliyyyatı, E.E. Bertelsin 1962-ci ildə çapdan çıxmış “Nizami və Füzuli”, “İskusstvo stran i narodov mira” və s. kitablarla yanaşı çoxlu lüğətlər, kimya elminə aid “Texnoloqiya kristallov”, “Bioqrafii velikix ximikov”, 1932-ci ildə nəşr olunmuş B. Lorensin “Struktura silikatov” və digər müxtəlif elm sahələrinə aid kitablar, elmi əsərlər öz əksini tapmışdır. Qeyd edək ki, bu kitablar Xudu Məmmədovun kitabxanasında onun öz şəxsi möhürü ilə qorunub saxlanmışdır. Xarici dillərdə də həmçinin 36 kitab Xudu Məmmədovun kolleksiyasında yer alır.