GERIYƏ

Böyük dinlərlə tanışlıq

Müəllif Hüseyn Tövfiqi
Nəşr olunduğu il 2013
Elm sahəsi Din
Nəşriyyat Xəzər Universitəsi
Nəşr yeri Bakı

Hüseyn Tövfiqi. Böyük dinlərlə tanışlıq. Bakı, Xəzər Universitəsi , 2013.

Allahı tanımağın fitri olması da elə budur. Görürük ki, insanın öz daxili şüurunda tapdığı bu tapıntını silmək üçün edilən səylər və təzyiqlərə rəğmən bu təsiredici amillər kənara çəkilən kimi bu şüur tapıntısı yenidən canlanır və aşkar olur; elə bu səbəbdən də daim şiddətli və ya zəif dərəcədə mövcud olur və heç vaxt birdəfəlik aradan getmir. Fitri şəkildə aşkar edilən və bütün kamil sifətlərini özündə birləşdirən bu zat və həqiqətin varlığı tələb edir ki, O, bizi əbəs yerə yaratmasın və bu səbəbdən də ilahi ariflər və filosoflar ölümdən sonrakı həyatın dərk edilməsini, həm dünya həyatı və həm də ölümdən sonrakı həyat üçün ali insani kamilliklərin əldə edilməsini fitri hesab edirlər. Həqiqi səmavi dinlər də buna görə gəliblər ki, insanın Allahı, ölümdən sonrakı həyatı və insanın kamal və ali sifətlərinin fitri və intuitiv şəkildə dərk edilməsi yolunda olan maneələri aradan qaldırsın və yolu hamarlasın. Əslində həqiqi dinin işi insanın daxilində olan həmin fitri və intuitiv məlumatı yenidən canlandırmaq, onun üstünü örtən pası təmizləməkdir. Belə bir iddia səhvdir ki, peyğəmbərlər hər şeyi qıraqdan gətirmiş və insanlara güclə qəbul etdirmişlər. Əgər belə olsaydı onlar öz işlərində müvəffəqiyyət əldə edə bilməzdilər.