MEK-də milli mətbuatın 150 illiyi qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında milli mətbuatın 150 illik yubileyi qeyd olunub.
Tədbirdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bütün mətbuat işçilərini təbrik edib, milli mətbuatın zəngin tarixi irsindən, dövlət qayğısından danışıb. Direktor vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin milli mətbuatın inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir.
Mətbuatın inkişafında kitabxanaların rolunun əvəzsiz olduğunu qeyd edən H.Hüseynov maarifçilik missiyasından və bu sahədə kitabxanaların üzərinə düşən vəzifələrdən danışıb. Natiq, Mərkəzi Elmi Kitabxananın bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirdiyini bildirib və Milli mətbuatın 150, Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyləri çərçivəsində yeni işıq üzü görən “Azərbaycan milli mətbuatı müstəqillik dövründə. 1991–2025” biblioqrafik göstəricisini və “Naxçıvan Muxtar Respublikasında dövri mətbuat” məlumat kitabını MEK-in dəyərli töhfəsi kimi qiymətləndirib.
Tədbirdə MEK-in Kitabxana xidmətləri üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mina İbrahimova çıxış edərək həmkarlarını təbrik ediblər və bu sahənin işçilərinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonda kitabxana tərəfindən milli mətbuatın inkişafında və elmi informasiya təminatında göstərdikləri xidmətlərə görə bir qrup MEK əməkdaşına təşəkkürnamələr təqdim olunub.