Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdən əvvəl AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və Akademiyanın elmi-tədqiqat müəssisə və təşkilatlarının rəhbərləri yolüstü Ağdam Muğam Mərkəzi ilə yaxından tanış olublar. Akademik İsa Həbibbəyli Mərkəzə AMEA-nın 80 illiyi münasibətilə toxunmuş miniatür xalça hədiyyə edib.
Sonra AMEA nümayəndə heyətinin üzvləri Ağdamda İmarət kompleksini ziyarət edib, eləcə də Əsgəran qalasına baxıblar. Səfər zamanı həmçinin Şuşa qalası da ziyarət olunub, burada xatirə şəkli çəkdirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Rəyasət Heyətinin üzvləri digər dövlət və hökumət nümayəndələri ilə birlikdə Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən türk dövlətlərindən olan məktəblilər arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalını da izləyiblər. Tədbir çərçivəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüb, ona Akademiyanın ensiklopedik nəşrlərini hədiyyə edib.
AMEA-nın 80 illiyi münasibətilə Qarabağ Universitetində keçirilən elmi konfransı giriş sözü ilə açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayaraq bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Qarabağın zəngin mədəni-mənəvi irsinin öyrənilməsi əsas prioritetlərdən biridir. Bu məqsədlə rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında təməli qoyulan elmi əməkdaşlıq böyük perspektiv imkanlar yaradacaqdır.
Konfransın açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında əvvəlcə AMEA-nın 80 illiyi münasibətilə Akademiyanın kollektivini, alimləri və elmi ictimaiyyəti təbrik edib. Nazir Qarabağ Universitetinin qarşısında dayanan vəzifələrə də toxunaraq bildirib ki, bu ali təhsil müəssisəsi təkcə regionun deyil, bütövlükdə Azərbaycanın elmi və tədris həyatında mühüm yer tutacaqdır. Nazir əlavə edib ki, Qarabağ Universiteti elmi mühitin təşəkkül tapması, innovativ təhsil modellərinin tətbiqi və milli-mədəni irsin sistemli şəkildə araşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
AMEA-nın prezidenti İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində Qarabağın tədqiqi problemləri və Böyük Qayıdış hərəkatı” mövzusunda məruzə ilə çıxış edib. Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının böyük tarixi əhəmiyyət daşıdığını xüsusi vurğulayan akademik İsa Həbibbəyli Sərəncamın alimlərimiz tərəfindən böyük minnətdarlıq duyğusu ilə qarşılandığını deyib. Bu mühüm dövlət sənədinin Azərbaycan elminə, Akademiyaya verilən ən yüksək qiymətin ifadəsi olduğunu bildirən akademik İsa Həbibbəyli qeyd edib ki, dövlət başçısının Sərəncamı həm 80 ildə şərəfli tarixi yol keçmiş, Azərbaycan dövlətinin inkişafına, Azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına öz töhfəsini vermiş, elmi məktəblər yaratmış görkəmli alimlərimizin xidmətlərinə göstərilən yüksək qiymət, həm də Akademiyanın bu gününə və gələcək inkişafına olan ali dəyərin, ehtiramın ifadəsidir. AMEA rəhbəri bu gün azad Qarabağ torpağında – Azərbaycanın qədim və strateji əhəmiyyətli bölgəsində belə yüksək səviyyəli elmi tədbirin keçirilməsinin tarixi hadisə olduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu konfrans təkcə AMEA-nın 80 illiyinə deyil, həm də azad edilmiş torpaqlarda elmi həyatın bərpasına töhfə verən mühüm bir mərhələdir.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən Qarabağ Universitetinin kitabxanasına 1200-dən çox kitab, eləcə də Akademiyanın təsisçilərinə və müasir inkişafına həsr olunmuş rəsm əsəri hədiyyə edilib.
Tədbirin ikinci hissəsində Qarabağın tarixi, mədəniyyəti və toponimik irsi ilə bağlı elmi məruzələr dinlənilib. Abbasqulu ağa Bakıxanov adaına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru Kərim Şükürov “Azərbaycan tarixində Qarabağnamələr və yeni dövrün Qarabağnaməsinin yaradılmasında Milli Elmlər Akademiyasının missiyası”, Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Qarabağ ərazisində və Şərqi Zəngəzurda arxeoloji tədqiqatlar”, Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru Nadir Məmmədli “Qarabağda ermənilər tərəfindən saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpa edilməsinin elmi əsasları” və Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Qarabağ folkloru: Böyük Qayıdış kontekstində folklor yaddaşının reaktuallaşdırılması” mövzularında məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, konfrans çərçivəsində Qarabağ Universitetində AMEA-nın rəhbər heyəti və əməkdaşları tərəfindən ayrı-ayrı auditoriyalarda tələbələr qarşısında 13 ixtisas üzrə mühazirələr də deyilib və onların çoxsaylı sualları cavablandırılıb. Mühazirələr AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidentləri – akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Rasim Əliquliyev, akademik-katib akademik Arif Həşimov, akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, tarix elmləri doktoru Kərim Şükürov, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, filologiya elmləri doktoru Nadir Məmmədli, filologiya elmləri doktoru Sərxan Xavəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva tərəfindən təqdim edilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının elm və təhsil naziri Elxan Nəcəfov və Qarabağ Universitetinin rektoru Şahin Bayramova AMEA-nın ensiklopedik nəşrləri və Akademiyanın 80 illiyi münasibətilə toxunmuş miniatür xalça hədiyyə olunub. Qarabağ Universitetinin tələbələrinə “Elm və həyat” jurnalının və “Elm” qəzetinin nüsxələri paylanılıb.