Mərkəzi Elmi Kitabxana ilə Türkiyənin Sinop Universiteti arasında onlayn görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Türkiyənin Sinop Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə onlayn görüş baş tutub.
Görüşdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, kitabxananın Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tar.ü.f.d. Oruc Quliyev, Kitabxana işləri üzrə direktor müavini fil.ü.f.d., dosent Şəhla Quliyeva və şöbə müdirləri, Sinop Universitetindən isə prorektorlar-professor Muhitdin Yılmaz və professor Rıza Bayrak, Kitabxana və sənədləşmə şöbəsinin müdiri Hüseyn Konukçu, həmin şöbənin filial müdiri Altuğ Abuşoğlu, Beynəlxalq əlaqələr və ofis koordinatoru dosent Gül Erkol Bayram və əməkdaşlar iştirak ediblər.
Görüş zamanı hər iki qurum öz fondları, nadir nəşrləri, rəqəmsal bazaları, texniki imkanları və beynəlxalq əlaqələri barədə məlumat verib.
MEK-in direktoru Hüseyn Hüseynov rəhbərlik etdiyi qurumun dünyanın bir sıra nüfuzlu kitabxanaları və elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu vurğulayıb. Natiq, MEK ilə İstanbul Rami Kitabxanası arasında imzalanmış “Qardaş Kitabxanalar Anlaşma Memorandumu”nu xatırladaraq belə tərəfdaşlıqların elmi və mədəni əməkdaşlıq baxımından əhəmiyyətini diqqətə çatdırıb.
H.Hüseynov, həmçinin türk həmkarlarını AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyi münasibətilə keçiriləcək beynəlxalq konfransda iştirak etməyə dəvət edib və bu tədbiri kitabxana ilə yaxından tanış olmaq üçün mühüm fürsət adlandırıb.
Sinop Universitetinin Kitabxana və sənədləşmə şöbəsinin müdiri Hüseyn Konukçu isə çıxışında tarix və elmi-mədəni sahədə Türk dünyası vahid rəqəmsal platformanın yaradılması istiqamətində digər türkdilli ölkələrin kitabxanaları ilə yanaşı, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyinə ehtiyac olduğunu bildirib və bu baxımdan hər iki qurum arasında işbirliyin səmərəli olacağına toxunub.
Görüş iştirakçıları ilkin tanışlığın faydalı olduğunu vurğulayıb, müzakirə olunan təkliflərin reallaşdırılması üçün zəmin yarandığını bildiriblər.
Tərəflər arasında razılaşdırılan məsələlər sırasında Türk dünyası üçün vahid rəqəmsal platforma üzrə işçi qrupunun yaradılması, əməkdaşlıq memorandumu imzalanması məqsədilə protokolun hazırlanması, Sinop Universitetinin DərgiPark elektron bazasına daxil olan 10 jurnalının MEK oxucularının istifadəsinə verilməsi və kitab mübadiləsi kimi təşəbbüslər yer alıb.