Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

foto

Fevralın 17-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, Sinqapur Milli Universitetinin professoru Sun Tek Tan və Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadasının (SASMO) prezidenti Henry Ong ilə görüşüb. Qonaqları Akademiyada görməkdən məmnunluğunu bildirən akademik İsa Həbibbəyli AMEA-nın tarixində ilk dəfə olaraq Sinqapurdan olan alimlərlə görüşün keçirildiyini bildirib. Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Asiya ölkələri ilə qarşılıqlı əlaqələrə xüsusi diqqət yetirdiklərini vurğulayan akademik İsa Həbibbəyli bu gün Azərbaycanın sözügedən regionda əməkdaşlıq etdiyi Çin, Pakistan kimi güclü tərəfdaş dövlətlər olduğunu diqqətə çatdırıb. Həmçinin Milli Elmlər Akademiyasının da Asiya dövlətlərinin akademik qurumları ilə elmi əlaqələr qurduğunu deyən akademik İsa Həbibbəyli AMEA-nın Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına (AASSA) üzv qəbul edildiyini, Çinin və Pakistanın, eləcə də Mərkəzi Asiya dövlətlərinin elmi müəssisələri ilə sıx əməkdaşlıq münasibətləri olduğunu söyləyib. Akademik İsa Həbibbəyli elm və təhsilin, texnologiyanın güclü inkişaf etdiyi Sinqapurun akademik qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında Milli Elmlər Akademiyasının da maraqlı olduğunu vurğulayıb. Bildirib ki, Sinqapurun elm və texnologiya sahəsində təcrübəsinin öyrənilməsi və tətbiqi Azərbaycan elminin daha da inkişafına təkan verəcək. Sonra çıxış edən Beynəlxalq İnformatika Olimpiadasının prezidenti Henry Ong və Sinqapur Milli Universitetinin professoru Sun Teck Tan təmsil etdikləri qurumlar barədə ətraflı məlumat verib, AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Sinqapur Milli Universitetində humanitar və ictimai elmlər istiqamətində də tədqiqatların aparıldığı, birgə əməkdaşlıq imkanlarının mövcud olduğu diqqətə çatdırılıb. Həmçinin azərbaycanlı tələbələrin beynəlxalq olimpiadalarda yüksək nəticələr göstərdiyi qeyd olunub, ölkəmizdə elmə, təhsilə yüksək dəyər verildiyi vurğulanıb. Çıxışlardan sonra AMEA prezidenti qonaqlara Azərbaycan tarixinə aid kitablar hədiyyə edib. Sinqapurlu alimlər həmçinin AMEA-nın Rəyasət Heyətinin binası və aparatın “Elektron Akademiya” şöbəsində aparılan işlərlə tanış olublar.

Görüşdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və SASMO Azərbaycan və Türkiyə Olimpiada Mərkəzinin rəhbəri Ədalət Məmmədqasımov da iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın