VİKİPEDİYANIN TARİXİ

Vikipediya (ing. Wikipedia) — İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediya. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı durmadan artır, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanır. İnternetdə Viki texnologiyası ilə işləyən ən nəhəng layihə Vikipediya (Wikipedia) – azad onlayn ensiklopediyasıdır.

Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer və Bomis kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar. Nupediya virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başladı. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəsislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 24 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi. Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində İnternetdə fəaliyyət göstərməyə başlayır. Nupediyadan fərqli olaraq Vikipediyada məqalələr könüllü İnternet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olmuşdur. Ensiklopediyanın adı ingilis texniki termini olan "wiki" (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində "tez" deməkdir) və "encyclopedia" (ensiklopediya) sözlərindən yaranıb.

Ümumi məlumat

— Vikipediya 290 dildə fəaliyyət göstərir.

— Vikipediyada ümumi olaraq 290 dildə 40.000 000 –dan çox məqalə var.

— Azərbaycan dilində olan “Vikipediya” layihəsi məqalə sayına görə “Vikipediyanın dil bölmələri” səhifəsindəki siyahıda 51-ci sırada yer alır.

— Azərbaycan dilində olan “Vikipediya” layihəsi türkdilli bölmələr arasında türkcə və qazaxca olan “Vikipediya” layihələrindən sonra üçüncü yerdədir

— Azərbaycanca Vikipediyada 130.445 məqalə vardır.