MEK

Mərkəzi Elmi Kitabxananın Elmi-Metodiki Şurasının iclası keçirilib

2025-02-06

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun sədrliyi ilə MEK-in Elmi-Metodiki Şurasının yeni tərkiblə ilk iclası keçirilib.

İclası MEK-in direktoru açaraq elmi şuranın yeni üzvləri olan AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, fil.e.d., dosent Sərxan Xavərini, Elektron Akademiya şöbəsinin müdiri fizika-riyaziyyat ü.f.d., dosent Fariz İmranovu, MEK-in Biblioqrafiya şöbəsinin müdiri fil.ü.f.d. Aytən Əliyevanı təqdim edib.

Gündəlikdəki məsələlərdən birincisi MEK-in 2024-cü ildəki fəaliyyəti barədə şura üzvlərini məlumatlandıran H.Hüseynov kitabxananın ənənəvi fəaliyyəti ilə yanaşı, burada aparılan yeni islahatlar mərhələsindən də söz açıb. Kitabxananın texniki bazasının təkmilləşdirilməsi nəticəsində rəqəmsallaşan nəşrlərin sayının sürətlə artdığını, bununla yanaşı MEK-in geniş tammətnli bazasının olduğunu bildirib. Kitabxananın layihələrindən söz açan direktor ötən ildən etibarən start alan “MEK könüllüləri” hərəkatını kitabxana tarixində mühüm addım kimi qiymətləndirib. Bundan əlavə, hər ayın ilk iki iş günü keçirilən “Açıq qapı” günlərini və sənəd sifarişinin vaxtının uzadılmasını kitabsevərlər üçün gözəl fürsət olduğunu bildirib.

Kitabxana rəhbəri Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinin keçirilməsi haqqında AMEA Rəyasət Heyətinin qərarını xatırladıb və bununla əlaqədar təsdiq olunan tədbirlər planını diqqətə çatdırıb.

Gündəlikdə duran cari məsələlər qismində MEK-in Elmi-Metodiki Şurasının Əsasnaməsinin hazırlanması ilə bağlı müvafiq göstərişlər də verilib.

Qarşıda duran digər məsələ haqqında MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin əməkdaşı fil.ü.f.d. Şəfəq Əliyeva şöbənin ərsəyə gətirdiyi “Yaşıl kitabxanalar” kitabı haqqında geniş məlumat verib. Dünyada baş verən ekoloji böhranlar, fəlakətlərin qarşının alınması kimi tədbirlər çərçivəsində yaşıl və davamlı olmaq hərəkatının üzvü kimi kitabxanaların rolundan danışıb. Çıxışçı işğaldan azad olunmuş ərazilərdə və Azərbaycanın digər bölgələrində də “Yaşıl kitabxana”ların yaradılmasının perspektivlərinə toxunaraq bunun üçün yetərincə şəraitin olduğunu vurğulayıb.

Şura üzləri BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, fil.ü.f.d., dosent Ələmdar Bayramov, ADA Universiteti Kitabxanasının direktoru, tex.e.ü.f.d. Elçin Məmmədov, AMEA-nın “Elm” nəşriyyatının direktoru, fil.ü.f.d. Səbuhi Qəhrəmanov, MEK-in Kitabxana işləri üzrə direktor müavini fil.ü.f.d., dosent Şəhla Quliyeva, Rəqəmsallaşdırma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tar.ü.f.d. Oruc Quliyev və elmi katibi Şəbnəm Rüstəmovanın iştirakı ilə cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

  • Paylaş: