Fondlar

Kitabxanada mühafizə olunan bütün sənədlərin dilinə, nəşr ilinə, tipinə, nüsxə sayına, mətn yazısına və digər xüsusiyyətlərinə görə yerləşdirilməsi müvafiq fondlarda saxlanılmaqla oxuculara xidmət keyfiyyətini yaxşılaşdırmağa imkan yaradır.

Təbiətşünaslıq, sosial-iqtisadi, humanitar, texniki və siyasi sahələr üzrə universal tərkibə malik olan Mərkəzi Elmi Kitabxananın fondu 1407988 nüsxə sənədi özündə cəmləşdirir. 

AMEA MEK-in əsas fondu xüsusi saxlanma şəraitinə malik olan sənəd saxlanclarında yerləşir. Hər mərtəbədə oxu zalları ilə yanaşı bölmələr üzrə fəaliyyət göstərən yardımçı fondlar oxucuların ixtiyarındadır. Bu yardımçı fondlar: Dövri mətbuat bölməsinin yardımçı fondu, Dissertasiya və avtoreferatlar bölməsinin yardımçı fondu, Yer elmləri bölməsinin yardımçı fondu, Qərbi Avropa və Şərq ədəbiyyatı bölməsinin yardımçı fondu, Humanitar və ictimai elmlər üzrə yardımçı fond, Fizika - riyaziyyat bölməsinin yardımçı fondudur.

 

Azərbaycan ədəbiyyatı fondu - Fondda 83791 nüsxə sənəd mühafizə olunur. Həmçinin fondda Azərbaycan şifahi xalq ədəbiyyatı materialları ilə yanaşı klassik yazıçı və şairləri - Nizami, Nəsimi, Füzuli, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Cəfər Cabbarlı, Əliağa Vahid, Səməd Vurğun, Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatında xüsusi yeri olan digər şəxsiyyətlərin ədəbi və elmi tədqiqat irsi mövcuddur.
Rus ədəbiyyatı fondu - Fondda 620975 nüsxə sənəd mühafizə olunur. A.S.Puşkin, M.Y.Lermontov, L.N.Tolstoy, N.Nekrasov və bir sıra başqa rus klassiklərinin, o cümlədən dünya ədəbiyyatının məşhur nümayəndələrinin rus dilinə tərcümə olunmuş əsərləri, həmçinin rus dövrü mətbuatı, ensiklopedik və digər nəşrlər bu fondda saxlanılır. Rus ədəbiyyatı fondu XIX əsrin sonlarından başlayaraq elmin demək olar ki, bütün sahələrini əhatə edən zəngin çap məhsullarına malikdir.

Şərq ədəbiyyatı fondu - Fondda 75 084 nüsxə sənəd mühafizə olunur. Bunlardan 40046 kitab, 35038 qəzet və jurnallardır. Fond türk, fars və ərəbcə yazılmış bir çox qaynaqları özündə birləşdirir. Uzun illər Türkiyə, İran, İraq, Misir, Suriya, Səudiyyə Ərəbistan Krallığı, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı ABŞ və bir çox Qərb dövlətlərinin kitabxanaları, aparıcı universitetləri, elmi təşkilatlar və mədəniyyət mərkəzləri, tanınmış alimləri ilə sıx əlaqə saxlanaraq və qarşılıqlı kitab mübadiləsi nəticəsində fondun əhatə dairəsi və informasiya resursları daha da genişləndirilmişdir. Şərq ədəbiyyatı fondu şəxsi kolleksiyalarla da zəngindir. Bunlardan görkəmli şərqşünas alimlər Y.E.Bertels, B.N. Zaxoder, Y.A. Belyayev, Z. Hüseynzadə və G.Hazaini nümunə göstərmək olar.

Qərbi Avropa ədəbiyyatı fondu – Fondda cəmi 221529 olmaqla, 62529 nüsxə kitab, 9000 nüsxə nəşri davam edən ədəbiyyat, 150000-ə yaxın jurnal mühafizə edilməkdədir. Fondun kitab bölməsində yeni daxil olan ədəbiyyatla yanaşı nadir və çap tarixi XVI –XVII əsrlərə aid olan kitab nüsxələri də mühafizə olunur.

Nadir kitab fondu -  Nadir kitab fondundakı  sənədlərin ümumi sayı 15037 nüsxədir. Nadir kitab fondu çap ilindən, yerindən və dilindən asılı olmayaraq nadir kitab meyarına uyğun olan, unikal, miniatür nəşrləri özündə birləşdirir.  Sənədlər əsasən ingilis, alman, fransız, ispan, italyan və latın dillərindədir. 500 nüsxə nadir kitab isə xüsusi mühafizə rejimində, yəni turşusuz kartondan düzəldilmiş mikroiqlimli konteynerlərdə qorunaraq mühafizə olunur. Nadir kitab fondunda müxtəlif  kolleksiyalar da mövcuddur.  Bunlardan ən zəngini Y.A.Paxomovun şəxsi kitab kolleksiyasıdır. Bundan əlavə Tarix muzeyinin kolleksiyası, miniatür nəşrlər kolleksiyası və marka kolleksiyası da Nadir kitab fondunda mühafizə olunmaqdadır.  Nadir kitab fondu nəşr tarixi XIX-XX əsrin əvvəllərini əhatə edən ingilis, alman, fransız və digər dillərdə olan çoxcildli ensiklopediyalarla da zəngindir.
Kitabxana - informasiya sahəsi üzrə ixtisaslaşmış fond – Bu fond 1965-ci ildə R.Kazımovun təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. Fonddakı sənədlərin ümumi həcmi 14133 nüsxə sənəddən ibarətdir. 1910-2015-ci illərə aid mühafizə olunan sənədlər arasında R.Kazımovun şəxsi kitab kolleksiyası, ixtisas ədəbiyyatı, ardı davam edən və seriyalı nəşrlər, biblioqrafik mənbələr  və AMEA MEK-in nəşrləri yer alıb.
Qeyd etməliyik ki, Kitabxana - informasiya sahəsi üzrə ixtisaslaşmış fond Respublikamızda həcminə görə kitabxanaçılıq və informasiya səhəsində ixtisaslaşmış ən böyük fonddur.

Dissertasiyalar fondu - Bildiyimiz kimi elmin,texnikanın nailiyyətləri haqqında ən son və yeni məlumatı dissertasiyalardan almaq olar. MEK-də 1949-cu ildən bu günə qədər dissertasiyalar mühafizə olunur. Hal hazırda  dissertasiyalar fondunda  6204 dissertasiya mövcuddur. Bunlardan Azərbaycan dilində 2998, rus dilində 3201, xarici dillərdə isə 5  dissertasiyadır.
Avtoreferatlar fondu -  Avtoreferatlar 1949-cu ildən 2017 –ci ilə qədər olan dövrü əhatə edir. Avtoreferatlar fondunda 35007 nüsxə rus dilində, 18705 nüsxə Azərbaycan dilində olmaqla cəmi 53712 avtoreferat mövcuddur.
Qəzet fondu – Qəzet fondunun ümumilikdə həcmi 3654 komplektdir. Azərbaycan dilində olan qəzetlər 1696 komplekt, rus dilində olan  qəzetlər 1318 komplekt və fotosurətlər 640 ədəddir. Qəzet fondunda Azərbaycan dilində 1923-ci ildən, rus dilində isə 1905-ci ildə nəşr olunan qəzetlər mühafizə olunur.
Jurnal fondu – Jurnal fondunda ümumilikdə 205327 nüsxə jurnal mühafizə olunur. Bunlardan 143 adda 42062 Azərbaycan dilində, 601 adda 163265 rus  dilindədir. Bu fondda Azərbaycan dilində olan ən qədim jurnallar  1928-ci ildə nəşr olunan “Şərq qadını”, “Əmək qanunu”, ”Azərbaycanı öyrənmək yolu” jurnallarıdır. Həmçinin burada AMEA-nın və MDB akademiyalarında nəşr olunan xəbərlər və məruzələr mühafizə olunur.
Elektron-resurslar fondu - Kitabxanaya  daxil olan bəzi sənədlərin elektron versiyası mövcud olduğuna görə  əsas fondda elektron resurs fondu yradılmışdır. Bu fondda Azərbaycan dilində 1990, rus dilində 536 və xarici dildə 15 elektron resurs olmaqla, ümumilikdə 2541 ədəd elektron resurs mühafizə olunur.
Ardı davam edən nəşrlər fondu - Ardı  davam edən nəşrlər fondu inqilabdan qabaq və sonra nəşr olunan elmi əsrlər, elmi məqalələr toplusundan  ibarətdir. Ardı davam edən nəşrlər fondunun  ümumi sayı  60545 nəşrdir. Azərbaycan dilində nəşrlər 1884, rus dilində isə 58661 nüsxədir.
Mübadilə Fondu – Mübadilə fondunun  həcmi 35061 nüsxədir. Bunlardan 20584 nüsxə kitab, 14477 nüsxə jurnaldır. Fond ABŞ, bir çox Avropa ölkələri, o cümlədən Türkiyə, İran, Səudiyyə Ərəbistanı, MDB ölkələrinin kitabxanaları, Akademiyaları, elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, nəşriyyatları ilə əlaqə saxlayaraq sənəd və informasiya mübadiləsi aparır.
Depozitar fond – Oxucular tərəfindən az istifadə olunan sənədlər depozitar fondda yerləşdirilmişdir.  Depozitar fondda ümumilikdə 1643 nüsxə sənəd mövcuddur.
Şəxsi kolleksiyalar fondu - Kolleksiyaların ümumi sayı 8765 nüsxə sənəddən ibarətdir. Yardımçı fondlarda Naxçıvan Bölməsinin, H.Əliyevin, Q.Əhmədovun, R.Kasumovun, Ə.Bayramovun, Ə.Şıxlinskinin, İ.Məmmədovun, M.İbrahimovun, A.Zamanovun, S.Onullahinin, X.Məmmədovun, İ.Mustafayevin, M.Hüseynovun, R.İvanovun, A.Umnyaşkinin şəxsi kolleksiyaları mühafizə olunur.
Akademiklərin zalında - Azərbaycan Respublikasında fəaliyyət göstərən Türkmənistan Respublikası, Türkiyə Res­pub­likası, Koreya Respublikası, Serbiya Respublikası, Macarıstan Respublikası, Yunanıstan  Respublikası, Kolumbiya Respublikası, Litva Respublikası, İran İslam Respublikası, Özbəkistan Respublikası, İordaniya Krallığı, Birləşmiş Ərəb Əmirliyi, Mərakəş Krallığı, Misir Mədəniyyət Mərkəzi, Yaponiya ölkələrinin səfirlikləri tərəfindən MEK-ə hədiyyə olunan kolleksiyalar, həmçinin dünya ölkələrində fəaliyyət göstərən Gürcüstan Respublikası, Polşa Respubli­kası, Macarıstan Respublikası, Moldova Respublikası, İran İslam Respublikasındakı Azər­baycan səfirlikləri tərəfindən MEK-ə hədiyyə olunan kollek­siyalar mühafizə olunaraq, oxucuların istifadəsinə verilir.