MEK-də “Viki-mən” layihəsinin bağlanış mərasimi keçirilib
  
10319

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Virtual Elektron Fəaliyyət Cəmiyyətinin və "Qorqud" Vikipediya Metodik Klubunun tərəfdaşlığı ilə 8 sessiyadan ibarət bir aylıq “Viki-mən” layihəsinin bağlanış mərasimi keçirilib. Təlimlər AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron Resurslar şöbəsinin mütəxəssisi Səbinə Abizadə tərəfindən aparılıb.

Bağlanış mərasimində AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov, Rüstəm Qaraxanlı və digər qonaqlar, təlimçi-ekspertlər, layihə iştirakçıları və üzv gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev dünyada açıq ensiklopediya olan “Vikipediya”da aktiv fəaliyyət göstərən gənclərə və tədbir iştirakçılarına ölkə həqiqətlərinin dünyaya çatdırılmasında “Vikipediya”nın vacib faktorlarından danışıb. Bu işdə əməyi keçənlərə və “Viki-mən” layihəsində fəal iştirak edən gənclərə bundan sonrakı fəaliyyətlərində uğurlar diləyib.

Sonra çıxışçılar “Vikipediya”nın Azərbaycan həqiqətlərini, tarixini və mədəniyyətini müxtəlif dillərdə təqdim edən əhəmiyyətli platformalardan biri olduğunu, davam edən informasiya müharibəsində, ölkəmizin milli maraqlarının, Azərbaycanın haqlı mövqeyinin təmin olunması istiqamətində əsas gücün gənclərin, xüsusilə xarici dillərdə çatdırmağı bacaran nəslin üzərinə düşdüyünü diqqətə çatdırıblar. Çıxışlar zamanı gənclərin təlimlərə göstərdiyi marağı və mövzunun aktuallığını nəzərə alaraq belə layihələrin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

Layihə çərçivəsində müsahibə mərhələsini uğurla başa vurmuş 14 gənc “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, “Vikipediya”da məqalə yaratma, mövcud məqalələr üzrə redaktə, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi və s. mövzularda bilik və bacarıqlarını artıraraq, öyrəndiklərini praktikada tətbiq ediblər. Layihənin keçirildiyi müddət ərzində iştirakçılar tərəfindən 100-dən çox məqalə yaradılıb, redaktələr olunub. Layihəni müvəffəqiyyətlə başa vuran 10 iştirakçı sertifikat və diplomlarla təltif edilib.

Xatırladaq ki, layihənin məqsədi gənclərə “Vikipediya” haqqında ətraflı məlumat vermək, onlara virtual ensiklopediyanın iş prinsiplərini, məqalələrin yaradılması və məlumatların yerləşdirilməsi qaydalarını praktiki şəkildə öyrətmək, eləcə də “Vikipediya”da etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaq olub.

ErsteVorherige12NächsteLetzte