Şuşa şəhərində 40 il öncə bu gün böyük şair Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya evinin açılışı olmuşdur
  
8938
1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışından 40 il ötür.
Məqbərinin tikintisi 1977-ci ildə başlanıb, 1982-ci ilin yanvar ayında yekunlaşıb.
Vaqif türbəsi AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Ə.V.Salamzadə və əmkdar memar, memarlıq namizədi E.İ.Kanukovun layihəsi əsasında tikilib. Türbə Şuşanın Cənub-Qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin faciəli surətdə həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucaldılıb.
Xatırladaq ki, 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılıb.
Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, məqbərənin açıldığı gündə - yanvar ayının 14-ü 2021-ci ildə Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verilmiş, 2021-ci il avqust ayının 29-da Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olmuşdur.
40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra yenidən təşkil olunmuşdur.