İlin mübarək, əziz Şuşa!
  
8914

Şuşa yarandığı gündən Azərbaycanın qürur yeri, iftixar qalası, şöhrət tacı olmuşdur. Əgər Azərbaycanı möhtəşəm bir saraya bənzətsək, Qarabağ bu sarayın tacı, Şuşa isə ən nadir, unikal incisidir. Əgər bu incini salıb itirsək, nə tacın dəyəri olacaq, nə də Azərbaycan adlı ulu bir məmləkət. Şuşa kiməsə veriləcək, bağışlana biləcək bir inci deyil. Şuşa bütövlükdə mədəniyyətimizin, musiqimizin beşiyidir. Təkcə XIX əsrdə Şuşa kimi balaca bir şəhərdə 95 şair, 22 musiqiçi, 38 xanəndə–müğənni, 16 rəssam, 5 astronom, 18 arxitektor, 16 həkim yetişmişdir. Bütün Şərqi heyrətdə qoyan universal elmi–ensiklopedik biliyə malik Mir Mövsüm Nəvvab da məhz həmin əsrdə Şuşada yetişmişdir. Qarabağ öz gözəlliyi, yerüstü, yeraltı sərvətləri ilə zaman–zaman yadellilərin yuxusunu qaçırmış, ac qurdlar süfrəsində yağlı tikəyə çevrilmişdir. Təsadüfi deyil ki, bu füsunkar diyar böyük imperiyaların qurbanına çevrilərək çox ağır günlər yaşadı. Öz təbii gözəlliyi ilə Qafqazın yaraşığı olan Qarabağ həm də müalicə ocağıdır. Təbii iqlim şəraitinə görə mütəxəssislər Şuşa kurortunun iqlimini Abastumani və Kislovodskdan, hətta dünyanın ən məşhur İsveçrə kurortu olan Davosdan üstün hesab edirlər. Qarabağın, Şuşanın gözəlliyi vaxtilə Azərbaycanda olmuş dünya səyyahlarının da diqqətini cəlb etmişdir. Böyük rus şairi M.Y.Lermontov, fransız ədibi A.Düma, istedadlı rus rəssamı Vereşşagin, lirika ustası S.Yesenin Şuşa haqqında qiymətli fikirlər söyləmişlər. Səyyah və tarixçi Potto Şuşanın tərifinə belə başlamışdı: “Sıldırım qayalar və dağlar arasında yerləşən Şuşa qalası buludlara qədər yüksəlmişdir”. S.Yesenin isə fikrini bir cümlə ilə ifadə etmişdir: “Kim oxumursa, o, şuşalı deyil”. Bəli, Şuşa təkcə Azərbaycan mədəniyyətinə deyil, dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş bir diyardır. “Şuşa Qafqazın təbii, canlı konservatoriyasıdır”–deyənlər çox haqlıdır. Bu konservatoriyanın yaradıcısı Ulu Tanrıdırsa, müəllimləri əsrarəngiz, bənzərsiz təbiətdir. Qaymaq kimi saf dağ havası, büllur bulaqların zümzüməli pıçıltısı, başı qarlı dağların əzəməti, meşələrin həzin laylası, bülbüllərin cəhcəhi, çayların coşqun nəğməsi, şəlalələrin şaqraq səsi, çiçəkli yamaclar, münbit torpaqlar... Qarabağa yolu düşən qonaqlar heyrətlə deyərdilər ki, burada uşaqlar ağlayanda da muğam, şikəstə üstə ağlayırlar. Bu söz bu günümüzlə daha çox uyuşur. İndi qarabağlı analar övladlarına igid Məlikməmmədin, göyçək Fatmanın nağılını danışmırlar. Qarabağ dəhşətlərini, fəlakətlərini, yurdsuzluq ağrılarını danışır, körpələrinə Qarabağ həsrətli ağılarla, yurd nisgilli bayatılarla layla çalırlar. Çadırlarda xalq ədəbiyyatının ən göynəkli, ən ağrılı nümunələri yarandı. Qarabağsızlıq illərində yaranan nümunələr folklorumuzda xüsusi bir iz qoyacaq və gələn nəsillərə Qarabağ həqiqətlərindən fəryadla danışacaq.

Şuşa həm də abidələr məskənidir. Heç təsadüfi deyil ki, 1977–ci ildə Azərbaycan hökuməti tərəfindən Şuşa şəhəri tarixi–memarlıq qoruğu elan olunub. Şuşa şəhəri bütünlükdə dünya əhəmiyyətli mədəniyyət abidəsidir. Çox təəssüf ki, artıq 30 ilə yaxın bu şəhər düşmən tapdağında qaldı. Bilmirdik ki, tariximizin, mədəniyyətimizin canlı əfsanəsinin başına nələr gətirilir. Heç bir tarixi fakta, elmi dəlillərə əsaslanmayan erməni siyasəti dünyanı başına alıb, əzabkeş xalq imicini qazandı. Bütün faktlar, dəlillər bizim xeyrimizə olsa da, öz haqq səsimizi dünyaya eşitdirə bilmirdik. Əgər biz haqlı olduğumuza dünyanı inandıra bilməsəydik, heç bir savaşda uğur qazana bilməzdik. Çox şükür ki, uzun illərin həsrəti çətinliklə, itkilərlə də olsa sona çatdı. Yurdumuzun mərd oğulları torpaq, yurd sevgisi ilə şölələnən məşəl bir əllərində, düşmənə nifrət kimi silah o biri əllərində ayağa qalxdı və düşmənə layiqli cavabını verdi.  Bu gün böyük qürur və iftixar hissi ilə 2022-ci ili “Şuşa İli” kimi qeyd edirik. Ali Baş Komandanın və müzəffər Ordumuzun qazandığı zəfər məşəli hər bir azərbaycanlının qəlbində qürurla şölələnir. İnşallah ki, bu ili də böyük uğur və müfəqiyyətlə başa vuracağıq. Hər bir təşkilat, müəssisə və vətəndaş bu qələbəyə, bu ilə öz töhfəsini verməyə hazırlaşır. AMEA Mərkəzi Elmi Kitabxanası da xüsusi tədbirlər planı hazırlayaraq “Şuşa İli”nə böyük coşqu ilə başlayıb, uğurla başa vurmaq əzmindədir.

 

Xuraman İsmayılova

AMEA Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri,

Əməkdar mədəniyyət işçisi