Bu gün Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin anım günüdür
  
8905
Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin anım günüdür.
Ölümündən 84 il ötən poeziyamızın parlaq simalarından olan Mikayıl Müşfiq irsi hər zaman yaşayır, xatirəsi daim məhəbbətlə anılır.
Qeyd edək ki, Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. Mikayıl Müşfiqin ilk mətbu əsəri olan "Bu gün” şeiri 1926-cı ildə "Gənc işçi” qəzetində çap olunub. Daha sonralar isə "Küləklər”, "Günün səsləri”, "Buruqlar arasında”, "Bir may”, "Pambıq”, "Vuruşmalar”, "Şeirlər”, "Şəngül, Şüngül, Məngül”, "Qaya”, "Kəndli və ilan” və s. kitabları nəşr olunub. "Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə "Ədəbiyyat qəzeti”ndə dərc edilib.
Repressiya qurbanı olan şair 1938-ci il yanvarın 6-da 30 yaşında amansızlıqla güllələnib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Mikayıl Müşfiqin 100 və 110 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib, ölkəmizin hər bölgəsində silsilə tədbirlər baş tutub.
Xatirəsini əbədiləşdirmək üçün paytaxt Bakı şəhərində büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, Xızıda xatirə muzeyi yaradılıb, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.
Cavan yaşda dünyadan köçən Mikayıl Müşfiqin özünün də yazdığı kimi “Vətən üçün yaşayan, vətən üçün ölən” şairin oxucu rəğbəti qazanmış əsərlərinə “Oxu tar”, “Yenə o bağ olaydı”, “Maralım”, “Sənin gülüşlərin”, Yadıma düşdü”, “Eşqim”, “Ana” və s. daxildir.
Nakam şairin zəngin ədəbi irsinin geniş oxucu kütləsi arasında təbliği kitabxanaların qarşısında duran mühüm vəzifələrdən biridir. Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyan Mikayıl Müşfiqin kitabları bu gün də AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarında xüsusi yer tutur.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)