MEK-in baş direktoru professor Məmməd Əliyev Xalq qəzetinə açıqlama verib
  
8777

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) dünya ölkələrinin kitabxanaları ilə ciddi əməkdaşlıq edir. MEK ölkəmizin nadir və oxucular üçün geniş imkanları olan kitabxanalarından biridir. Kitabxanamızın birinci prioritet vəzifəsi beynəlxalq təcrübəni əsas tutmaq, qarşılıqlı əlaqələri inkişaf etdirmək və oxucu kütləsinin məmnunluğunu təmin etməkdir.

Xalq qəzeti xəbər verir ki, bu fikirləri AMEA MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev bildirib.

O qeyd edib ki, MEK təmsilçilləri mütəmadi olaraq beynəlxalq konfranslara qatılır, xarici ölkələrin tanınmış kitabxanaları ilə əlaqələr yaradır, beynəlxalq humanitar qurumlarla əməkdaşlıq edir. Artıq bir ildir ki, MEK-in rəhbəri olaraq təşəbbüsümüzlə kollektivimiz bir sıra beynəlxalq tədbirlərdə, elmi konfranslarda, nüfuzlu xarici jurnallarda elmi məqalələrlə böyük fəallıqla iştirak edirlər. Bu, kitabxanaçılıq fəaliyyətimizin daha da genişlənməsi və mütaliə mədəniyyətimizin inkişafı üçün baxımından mühüm əhəmiyyət daşıyır. Üstəlik, resurslarımızın istifadə üçün daha rahat olması üçün də prinsipial addımlar atırıq. Beynəlxalq konfraslarda iştirakldan söz düşşkən, bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskva şəhərində Belarus səfirliyində keçirilən “Kitab mədəniyyətinin müasir problemləri: əsas tendensiyalar və inkişaf perspektivləri” adlı XIV Belarus-Rusiya elmi seminar-konfransında iştirak etdim. Konfransda kitab mədəniyyətinin inkişafı, yazı ənənələri, mətn kommunikasiyası, kitab və əlyazma fondlarının tarixi, nadir nəşrlərin mövcudluğu ilə bağlı geniş müzakirələr aparıldı. Konfransda “Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında şəxsi kolleksiyaların yeri və rolu” mövzusunda təqdimatla çıxış etdim və MEK-də saxlanılan çoxlu sayda nadir kolleksiyalar barədə iştirakçılara məlumat verdim.

Professor bildirib ki, MEK-in 100 ilə yaxın yaşı var. Bu böyük mədəniyyət müəssisəsi məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə əsaslı inkişaf yolu keçib. Hazırda da proses uğurla davam etdirilir. MEK yeganə kitabxanadır ki, burada “Qarabağ müharibəsi qəhrəmanları” fondu fəaliyyət göstərir. Bu fond şəhidlərimizin, qazilərimizin irsini təbliğ etmək üçün təsis olunub. Bir il ərzində dünyanın dörd ölkəsinin kitabxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması MEK-in fəaliyyətinin təkmilləşdirilməsi üçün geniş imkanlar açır. Son bir ildə 20 minə yaxın kitab MEK-in fondlarına hədiyyə olunub. İl ərzində MEK nümayəndə heyətinin Rusiya, Türkiyə və digər ölkələrə, həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbirdə iştirak üçün Gəncə şəhərinə ezamiyyətləri təşkil olunub.

Baş direktor əlavə edib ki, MEK-də son bir ildə həyata keçirilən tədbirlərdən biri də “Heydər Əliyev lektoriyası”nın təşkilidir. Ulu Öndərin irsini öyrənmək hər bir azərbaycanlının borcudur. Bu baxımdan lektoriyanın fəaliyyəti xüsusi önəm kəsb edir. Lektoriyalarda “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Heydər Əliyev və Azərbaycanda təhsil”, “Heydər Əliyev və Azərbaycan musiqisi” və digər mövzularda müzakirələr aparılıb, ümummilli liderin irsi öyrənilib.