14 iyul 1969-cu il- müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün
  
6961

Xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin respublikamızda ilk dəfə siyasi rəhbərliyə başlamasından 52 il ötür.

Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu 1969-cu il iyulun 14-də yeni dövrün, Azərbaycanın sosial - iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu.  Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoydu.

Heydər Əliyev 1969-1970-ci illərdə keçirilən Azərbaycan KP MK-nın plenumlarında, fəallar yığıncaqlarında, toplantılarda və başqa yığıncaqlarda məruzə və çıxışlarında ardıcıl olaraq təsərrüfat və mədəni quruculuq məsələlərini təhlil edir və yeni vəzifələr qarşıya qoyurdu. Həmin illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi oldu. Ulu öndər, ilk növbədə respublika sənayesində, kənd təsərrüfatında yeni istehsal sahələrinə və bu sahələrdə çalışan çoxsaylı mütəxəssislər hazırlanmasına diqqət yetirirdi. Dahi rəhbərin hakimiyyəti dövründə neft sənayesi tamamilə yenidən quruldu, xalqın maddi rifah halı yüksəlməyə başladı. Ölkədə adambaşına düşən ümumdaxili məhsul istehsalının 2,5, sənaye istehsalının 3, kənd təsərrüfatı məhsullarının 2 dəfə artımına nail olundu.

1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu illərdə bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Bununla yanaşı, 1969-cu ildən 1982-ci ilə qədər 2 milyondan artıq vətəndaşın mənzil təminatı həll olundu.

Ulu öndər Heydər Əliyevin rəhbər olduğu həmin illər Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi- iqtisadi əsaslarını yaratdı. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının fondlarında,  həmçinin ümummilli lider Heydər Əliyevin zəngin irsinin ətraflı öyrənilməsi və təbliği məqsədi ilə MEK-də fəaliyyət göstərən Heydər  Əliyev  və  Azərbaycan  dövlətçiliyi  şöbəsində Azərbaycan tarixinin bu şərəfli zaman kəsiyini özündə əks etdirən dəyərli kitablar mövcuddur.  Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya”, Elmira Axundovanın “Heydər Əliyev: 1969-1989. Şəxsiyyət və zaman: həyat və fəaliyyətinin xronikası”, Musa Qasımlının “Heydər Əliyev -İstiqlala gedən yol (1969-1987)”, “Parlement tariximizin Heydər Əliyev dövrü”, “Heydər Əliyev: Azərbaycan elminin keşiyində: sənədlər və materiallar” I cild, Mahirə Hüseynovanın “Missiya”, Fəraməz Maqsudovun “Heydər Əliyev və Azərbaycan elmi”, Habil Həmidovun “Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti” və s. kimi nəşrlər fenomen şəxsiyyət Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illəri öyrənmək və gələcək nəsillərə ötürməkdə qiymətli mənbədir.