Cəmi 30 il yaşayan şairin 113-cü ad günüdür
  
6831

Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin doğum günüdür.

Qeyd edək ki, Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. Mikayıl Müşfiqin ilk mətbu əsəri olan "Bu gün” şeiri 1926-cı ildə "Gənc işçi” qəzetində çap olunub. Daha sonralar isə "Küləklər”, "Günün səsləri”, "Buruqlar arasında”, "Bir may”, "Pambıq”, "Vuruşmalar”, "Şeirlər”, "Şəngül, Şüngül, Məngül”, "Qaya”, "Kəndli və ilan” və s. kitabları nəşr olunub. "Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə "Ədəbiyyat qəzeti”ndə dərc edilib.

Repressiya qurbanı olan şair 1938-ci il yanvarın 6-da 30 yaşında amansızlıqla güllələnib.

Azərbaycan Prezidenti İlham Əliyevin “Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında” 2007-ci il 16 aprel tarixli, “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamlarına uyğun olaraq şairin yubileyləri dövlət səviyyəsində qeyd edilib.

Müşfiqin şeirlərinə bir çox mahnılar bəstələnib, paytaxt Bakı şəhərində büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

Oxucu rəğbəti qazanmış əsərlərinə “Oxu tar”, “Yenə o bağ olaydı”, “Maralım”, “Sənin gülüşlərin”, Yadıma düşdü”, “Eşqim”, “Ana” və s. daxildir.

Nakam şair Mikayıl Müşfiq yaradıcılığının geniş oxucu kütləsi arasında təbliği kitabxanaların qarşısında duran mühüm vəzifələrdən biridir. Şairin kitabları bu gün də AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarında bəzəyir.

Poeziyamızın parlaq simalarından olan Mikayıl Müşfiq irsi hər zaman yaşayacaq, xatirəsi daim məhəbbətlə anılacaq.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 537 19 82