MEK əməkdaşının əmək fəaliyyətinin 50 iliyi qeyd olunub
  
6815

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Xarici dillərdə ədəbiyyat fondunun baş kitabxanaçısı Gültəkin Hacıyevanın 2021-ci ilin iyun ayında MEK-də fəaliyyətə başlamasının 50 ili tamam olur.

Bu münasibətlə keçirilən tədbirdə MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək ömrünün 50 ilini MEK-ə bağlayan Gültəkin Hacıyevanın kitabxanadakı fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, o, ali təhsilini bitirdikdən sonra 1971-ci ildə iş fəaliyyətinə başlayıb. Gültəkin Hacıyeva çalışdığı bu müddət ərzində kitabxana fondlarının zənginləşdirilməsində, kitabxana işinin təşkilində, oxuculara nümunəvi xidmət göstərilməsində hər zaman məsuliyyətli, bacarıqlı bir əməkdaş kimi öz töhfəsini verib. Professor Məmməd Əliyev Gültəkin xanımın bu fəaliyyətini yüksək dəyərləndirərək onu təbrik edib.

Daha sonra MEK-in Xarici dillərdə ədəbiyyat fondunun müdiri Kubra Sadıqova, Biblioqrafiya şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, Xidmət şöbəsinin əməkdaşı Fəridə Süleymanova və digərləri çıxışlarında, bu illər ərzində kitabxananın ictimai işlərində fəal iştirak edən Gültəkin xanımın kitabxana işinə aid “Elmi fondların gələcəyə yönəlmiş mühafizə strategiyası”, “Azərbaycanda müdafiə olunmuş dissertasiyaların biblioqrafik göstəricisi”, “Azərbaycanda müdafiə olunmuş dissertasiyalar”  və s. bir sıra elmi məqalələrin müəllifi olduğunu qeyd ediblər. Çıxış edənlər, uzunmüddətli ardıcıl fəaliyyəti sayəsində kitabxana işinə böyük əmək sərf edən, sənətinə sevgisi və bağlılığı ilə gənclərə örnək olan Gültəkin Hacıyevaya bundan sonra da MEK-dəki fəaliyyətində uğurlar diləyiblər.

MEK tarixində uğurlu iş fəaliyyəti nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən Gültəkin Hacıyevaya “Təşəkkürnamə” və mükafat təqdim olunub.

Tədbirin bədii hissəsində Gültəkin Hacıyevanın həyatı və iş fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Həmçinin MEK əməkdaşı Mətanət Muxtarovanın sözləri Mikayıl Müşviqə, musiqisi Elçin İmanova aid olan “Ana” mahnısını royalda ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 537 19 82