“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 115 il ötür
  
6670

XX əsrin əvvəllərində fəaliyyətə başlamış və özündən sonra ədəbi məktəb yaratmış “Molla Nəsrəddin” jurnalının nəşrə olunmasından 115 il ötür. Məşhur dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin baş redaktorluğu və Ömər Faiq Nemanzadənin təsisçiliyi ilə nəşrə başlayan jurnal o zamanlarda dövrün bir çox mənfiliklərini tənqid hədəfinə alıb.

Mütərəqqi ideyaların carçısı olan "Molla Nəsrəddin" zəhmətkeş xalq və demokratiya cəbhəsində duraraq, azadlıq düşmənlərini - çar mütləqiyyətini, hakim təbəqələrin ağalığını, imperializmin müstəmləkəçilik siyasətini, geriliyi, mövhumat, cəhalət və xurafatı amansız satira atəşinə tutmuş, Azərbaycan xalqının milli oyanışında, əhalinin geniş təbəqələri içərisində istiqlal ideyalarının yayılmasında mühüm rol oynamışdır.

O dövrün bir çox tanınmış simaları jurnalın ətrafına yığılıb, yazdıqları felyetonlar, tənqidi məqalələr və s. ilə cəmiyyəti oyanmağa, öz haqlarına sahib çıxmağa çağırıblar. Eləcə də dil məsələsi, qızların təhsilə cəlb olunması, qadın azadlığı da Molla Nəsrəddinçilərin xüsusən müraciət etdiyi mövzulardan biri olub. Molla Nəsrəddinçilər sırasında Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmqüsar, Əbdürrəhim bəy Haqverdiyev, Məhəmməd Səid Ordubadi, Əli Razi Şəmçizadə və digərlərini qeyd etmək olar. Jurnal müxtəlif illərdə Tiflis, Təbriz və Bakıda fəaliyyət göstərib. 340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda nəşr olunmuş jurnalın 25 il ərzində ümumilikdə 748 nömrəsi çapdan çıxıb.

Qeyd edək ki, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarında “Molla Nəsrəddin” mövzusunda nəşrlər saxlanılır. Hər il MEK-də bu nəşrlərin sərgisi təşkil olunur. Sərgidə yer alan köhnə və yeni nəşrlər sırasında “Molla Nəsrəddin lətifələri”, “Molla Nəsrəddin varislərinin lətifələri”, “Molla Nəsrəddin jurnalının tədqiqi ilə bağlı biblioqrafik göstərici”, “Molla Nəsrəddin” jurnalı və digərlərini qeyd etmək olar.


İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82