AMEA MEK-in direktoru, professor Məmməd Əliyev Xalq qəzetinə açıqlama verib
  
6664

Azad edilmiş ərazilərdə yeni elm və təhsil ocaqlarının yaradılacağı gün uzaqda deyil

Azərbaycan Ordusunun Ermənistan Ordusu üzərində qazandığı parlaq qələbə regionda yeni siyasi reallıqlar yaradıb. Ermənistanın öz ordusu barədə yaradığı mif artıq yoxdur. Suveren sərhədlərimiz bərpa olunub. Təxminən 30 ilə yaxın həsrətlə gözlədiyimiz və bütün mədəni müəssisələri ermənilər tərəfindən yerlə-yeksan edilmiş torpaqlarımız artıq əlimizdədir. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin dediyi kimi, biz oranı yenidən dirçəldəcəyik.  Orada əvvəlkindən də güclü və böyük imkanlara sahib elm və təhsil müəssisələrinin tikilib istifadəyə veriləcəyi gün uzaqda deyil.

Bu fikirləri fəlsəfə elmləri doktoru, professor AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyev bildirib.

O qeyd edib ki, Ermənistanın uzun illər davam edən hərbi təcavüzü nəticəsində Qarabağ və ətraf rayonlarda bütün tarixi-mədəni abidələr, elm-təhsil müəssisələri, o cümlədən kitabxanalar dağılaraq talan edilmişdi. Ermənilərin toxunmadığı, vandalizmə məruz qoymadığı bircə bina belə qalmamışdı. Təəssüflər olsun ki, bunu bütün dünya görürdü, lakin açıq etirazlar bildirilmirdi. İllər idi ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan Ordusunun bölgəni qeyd-şərtsiz tərk etməsi ilə bağlı ardıcıl qətnamələri kağız üzərində qalırdı. Nə ermənilər bu ciddi, qanuni sənədə məhələ qoyurdular, nə də BMT Təhlükəsizlik Şurası qəti addımlar atırdı. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycan təkcə torpaqlarını işğaldan azad etmədi, o cümlədən həmin mötəbər qurumların çağırışlarına və bəyanatlarına əsaslanan sənədləri də icra etmiş oldu. Yəni öz gücü və qüdrəti sayəsində haqqı bərpa etdi.

Professor əlavə edib ki, Şuşa başda olmaqla işğaldan azad edilən torpaqlarımızda yeni infrastruktur layihələri həyata keçiriləndən sonra heç şübhəsiz ki,  kitabxanalar, məktəblər, kolleclər, elmi-tədqiqat institutları və ali təhsil ocaqlarının açılacağı da istisna deyil. Bu gün Qarabağda təhsilin inkişafı istiqamətində bir çox addımların atılmasına ehtiyac var. Yeni təhsil müəssisələri əhalinin işlə təmin edilməsində, həmçinin bu ərazilərin iqtisadi cəhətdən inkişafında da əsaslı rol oynayacaq. Təhsil və elmin azad edilən torpaqlarımızda inkişaf etdirilməsi gələcək müdafiəmizin sığortası kimi zəruri ehtiyacdır. Bu, regionda ixtisaslı kadrların artması, həm də bölgənin daha tez məskunlaşması üçün zəruri əhəmiyyət daşıyır.


Anar Əli 



Xalq qəzeti

Azadinfo.az

1905.az

aznews.az